Goranboy xəstəxanasında 19 yaşlı qızı iki dəfə əməliyyat edərək, iflic hala saldılar - FOTO


23 May, 2023
13:04
478
241
Goranboy Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən 19 yaşlı qız həkim səhvi ucbatından 50 gündür ki, reanimasiyadadır.

Bu barədə Oxu.Az-a tələbə qızın anası, Goranboy rayon Qızılhacılı qəsəbəsinin sakini Gülnarə Qocayeva məlumat verib. O bildirib ki, həyat yoldaşı insult keçirdiyinə görə əmək qabiliyyətini itirib, oğlu hazırda hərbi xidmətdədir, qızı isə Gəncə Dövlət Universitetinin nəzdindəki Regional Kollecin 4-cü kurs tələbəsidir:

“Qızım Ləman Məmmədova mart ayında qarnında ağrı, sancı hiss edirdi. Get-gedə səhhətinin pisləşdiyini görüb, martın 17-də müayinə üçün Goranboy Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Orada təcili tibbi yardım həkimi heç bir analiz götürmədən bildirdi ki, xəstənin vəziyyətinin ağırlaşma səbəbi böyük ehtimalla böyrəklə əlaqəli ola bilər və ağrıkəsici iynə vuraraq evə göndərdi. Sabahı gün - martın 18-də qızımın ağrıları yenidən başladı. Bu dəfə xəstəxanaya gətirəndə analiz götürdülər, ultrasəs müayinəsi (USM) edildi və həkim Hamil Qəmbərov bildirdi ki, problem apendisit - kor bağırsağın iltihabı ola bilər və dərhal əməliyyat edilməlidir. Həkim bizdən əməliyyat üçün 200 manat məbləğində pul istədi. Mən isə maddi durumumuzun aşağı olduğunu, 150 manat verə biləcəyimi dedim. Amma həkim 180 manatdan az pula mümkün olmayacağını dedi. Bu əməliyyatı icbari tibbi sığorta qarşılasa da, qızımın həyatı ortada olduğu üçün mən deyilən məbləğlə razılaşmalı oldum.

Əməliyyat olduqdan iki gün sonra qızım xəstəxanadan evə buraxıldı. Lakin kəskin ağrılar davam edirdi. Ona görə biz məcbur olub özəl klinikaya (“MediLife”) müraciət etdik, yenidən analiz verdik və cavab olaraq bildirdilər ki, əməliyyatdan sonra xəstənin qarın boşluğuna maye sızır. Problem həkim səhvi ucbatından baş verdiyinə görə yenidən Goranboy Rayon Mərkəzi Xəstəxanasına getdik, Hamil həkimlə görüşüb, vəziyyəti izah etdik.

Martın 24-ü Ləmanı həmin xəstəxanada ikinci dəfə əməliyyat etdilər. Bu dəfə əməliyyata xəstəxananın direktoru Rauf Yəhyayev, Hamil həkim və anestezioloq Şubay Hacıyev girmişdilər. Mən əməliyyat öncəsi Şubay həkimə bildirdim ki, qızın çəkisi azdır, narkozu verəndə nəzərə alsın. İkinci əməliyyat heç bir işə yaramadı. Həkimlərin növbəti dəfə yanlış əməliyyatı nəticəsində qızımın halı daha da pisləşdi. Amma bunu nəzərə almayaraq, onu palataya köçürdülər. İkinci əməliyyatdan sonra sol qolu işləmədi, bütün gün yüksək səslə mənə burada baxmırlar, mənimlə kobud rəftar edirlər, nəzarət etmirlər, məni buradan çıxarın deyə yalvarırdı. Artıq ağrıları dözülməz həddə idi, özünü idarə edə bilmirdi. Mən Hamil həkimə qızımın niyə bu halda olduğunu soruşdum, mənə: “Narahat olma, düzələcək, narkozun təsirindədir”, - deyə cavab verdi. Halbuki bir irəliləyiş yox idi, əksinə, gündən-günə pisləşirdi.

Xəstəxananın baş həkimi Arzu Teymurov xəstələrə baxış keçirdiyi zaman Ləmanın çətin nəfəs aldığını görüb, həkimləri çağırıb, xəstənin tez oksigen aparatına qoşulmalı olduğunu deyib. O, qızımı görüb, tapşırıq verməsəydi, bəlkə də, artıq qızım həyatda deyildi. Həkimlər vəziyyətin ciddiliyini görüb, Ləmanı palatadan reanimasiya köçürüblər. Təəssüf ki, orada da heç bir şərait yoxdur, antisanitariya, çirkab içində xəstələri saxlayırdılar.

Reanimasiyada olan tibb bacısı Ləmana: “Sən yalandan belə edirsən, heç bir ağrın yoxdur, qəsdən edirsən”, - deyərək, kobud rəftar edirdi. Reanimasiya həkimi isə xəstələrin başında deyil, digər otaqda olurdu, çox zaman yatırdı. Qızımın saturasiyası 66-ya düşmüşdü. Mən bunu tibb bacısına deyəndə ayağı ilə aparatın istiqamətini dəyişdi ki, mən baxmayım. Xəstəxanadakı bu biabırçılıqları görəndən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzinə məlumat verdim. Zəngimdən bir saat sonra həkim gəldi. Orada qalması heç bir fayda vermədiyindən məcburən qızımı xəstəxanadan çıxarıb, təcili yardım avtomobili ilə Gəncə Mərkəzi Beynəlxalq Xəstəxanasına köçürdüm”.



Gülnarə Qocayeva deyib ki, xəstə köçürülənə qədər Hamil həkim onu fikrindən daşındırmağa çalışıb:

“Amma qızımı o xəstəxanada iflic etdilər. Anestezioloq Şubay həkim narkozu onurğadan vurduğunu dediyi halda, sonradan bunu təkzib etdi. Artıq əmin idim ki, narkoz veriləndə qızımın sinirinə toxunublar. Onu təcili tibbi yardım maşını ilə Gəncəyə gətirəndə ölümcül halda idi. Orada verilən analizlərdən sonra məlum oldu ki, başından bəri həkim yanlış diaqnoz qoyub, səhv əməliyyat edib. Ləmanın heç kor bağırsaq problemi olmayıb. Bunu Hamil həkimə deyəndə mənə iki min manat gətirdi ki, özəl xəstəxanada lazım olacaq. Üç aya yaxındır, Ləmanın müalicəsi davam edir, durumu yaxşılaşmır. Bütün qohum-əqrəba kömək etdi, hər şeyi satdıq ki, təki qızım yaxşılaşsın. Hazırda 80 minə yaxın borcumuz var.

Başımıza gələn müsibətin tək səbəbkarı Goranboy Rayon Mərkəzi Xəstəxanasının savadsız və məsuliyyətsiz həkimləridir. Bu xəstəxana sanki mafiya qaydaları ilə idarə olunur. Qanunsuzluq, hərc-mərclik, rüşvətxorluq baş alıb, gedir. Bütün xəstələrə pul mənbəyi kimi baxırlar.



Qızımın sağlamlığına ciddi zərər vuran bu həkimlərə qarşı cinayət işi açılmalıdır. Mən onların xırda bir töhmətlə can qurtarmasını deyil, qanun qarşısında cavab verməsini tələb edirəm. Bütün aidiyyəti qurumlara müraciət etmişəm, səsimə səs verən yoxdur. Yalvarıram, qızımın həyatını məhv edənlər cəzasız qalmasınlar. Mən bu qədər borcun-xərcin altından qalxa bilmirəm. Hər dəqiqə qızımın son nəfəsi olacaq, iflic qalacaq, sağalmayacaq deyə düşünməkdən gecəm-gündüzüm yoxdur. O biri uşağım hərbi xidmətdədir, bacısının bu hala düşdüyündən xəbəri yoxdur. Bundan da ayrıca qorxuram, belə çətin durumda olduğumuzu bilsə, başını bəlaya salar. Xahiş edirəm, övladımın sağalmasına köməklik edilsin, durumu nəzarətə götürülsün. Bütün bunların səbəbkarı olan həkimlər cəzasız qalmasınlar ki, mənim kimi başqa ailələr də onların məsuliyyətsizliyinin qurbanı olmasınlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu