İspaniyada Kataloniya separatçılarının Rusiya ilə əlaqəsi məsələsi gündəmə gəlib
İspaniya Deputatlar Konqresinin üzvləri ölkə hökuməti qarşısında Avropa Parlamentinin Rusiyanın Kataloniya separatçıları ilə əlaqələri ilə bağlı gəldiyi nəticə haqda araşdırma aparmağı planlaşdırıb-planlaşdırmadığını və bu əlaqənin bu gün mövcud olub-olmadığı haqda məsələ qaldırıblar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, deputatlar Maria Valentina Martinez Ferro və Pablo Hispan İqlesias de Ussel bununla bağlı hökumətə rəsmi məktub ünvanlayıblar. Məktubda bildirilir ki, aprelin 26-da Avropa Parlamenti xarici müdaxilələr üzrə xüsusi komissiyanın köməyi ilə Rusiya ilə Kataloniya separatçı hərəkatı arasında əlaqəni təsdiqləyib və buna görə də bu hadisələrin hərtərəfli araşdırılmasını tələb edir. Parlamentarilər Avropa Parlamentinin dərc etdiyi xüsusi komissiyanın hesabatı ilə bağlı hökumətə bir sıra suallar verib və bu gün Rusiya ilə Kataloniya separatçılarının əməkdaşlıq edib-etməməsinə aydınlıq gətirilməsini tələb ediblər.
"Rusiya ilə Kataloniya separatizmi arasında əlaqəni təsdiqləyən hesabatla bağlı hökumətdə hansı məlumat var? İspaniya hökuməti Avropa Parlamentinin tələb etdiyi araşdırmada əməkdaşlıq edəcəkmi? Hökumət bu iddia edilən əlaqənin bu gün olub-olmadığını bilirmi? Bununla bağlı hansı tədbirlər görülür?" - deyə deputatlar soruşurlar.
Avropa Parlamentinin xarici müdaxilələr üzrə xüsusi komissiyasının üzvləri Rusiya ilə Kataloniya separatçı hərəkatı arasında əlaqəni etiraf edib və baş verənlərin təfərrüatlarını araşdırmaq üçün hərtərəfli araşdırmaya çağırıblar. Parlamentin xarici müdaxilələr üzrə profil komitəsinin hesabatında qeyd olunur ki, Avropa İttifaqı Rusiyanın Avropa ərazilərində separatçı hərəkatlara genişmiqyaslı müdaxiləsindən narahatdır.
Kataloniyada bu iddialar ardıcıl olaraq rədd edilir. Kataloniyanın xarici işlər naziri Meritxell Serret müvafiq araşdırma aparmaq təşəbbüsünü şərh edib: "Kataloniya hökumətinin Rusiya və ya Rusiya hökuməti ilə əlaqəli şəxslərlə heç bir əlaqəsi yoxdur və olmayıb".