"Bakı Metropoliteni" nəyi təbliğ edir? - ARAŞDIRMA


Son günlər gedişhaqqının artırılması ehtimalı ilə gündəmdə olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi tender şübhələrə səbəb olub.


AFN.az-a oxucuların ünvanladığı sorğuda QSC-nin qalibi "MAX PRİNT" Məhdud Məsuliyyətli Cəmiyyəti olan tenderi müzakirə mövzusudur. Belə ki, dəyəri 266 min manatdan çox olan tenderin təyinatı vətəndaşlar arasında müəyyən şübhələrin və iddiaların ortaya çıxmasına rəvac verib. Tender Bakı Metropoliteni” QSC tərəfindən müxtəlif növ promo məhsullarının satın alınması ilə bağlı keçirilib. 2023-cü ilin mayından 2024-cü ilin yanvarına qədər dövrü əhatə edəcək satınalma müddətində tələb olunan məhsulların siyahısı isə sözün əsl mənasında təəccüb yaradır.



Əvvəla, sual oluna bilər ki, "Bakı Metropoliteni" QSC-nin bu qədər böyük təbliğatı kimə lazımdır? QSC istehsalçı müəssisə deyil ki, öz məhsullarını reklam etsin, təbliğ etsin. İkincisi, qurumda digər şirkətlər, müəssisələr öz məhsullarının təbliğini aparır. Belə olan halda 266 min manatlıq promo məhsulların alınması "Bakı Metropoliteni"nin nəyinə lazımdır? Bu suallar tenderin detalları ilə tanış olduqda belə qaranlıq qalır. Aşağıda sizə təqdim edəcəyimiz cədvəldə QSC-nin ehtiyacı olan promo məhsulların adları və miqdarı qeyd edilib. Azacıq analiz qabiliyyəti olan hər kəs bu siyahıdan ən azı təəccüb keçirər. Çünki heç bir təcrübədə dövlət büdcəsindən dotasiya alan nəqliyyat-xidmət qurumu promo məhsul üçün bu qədər vəsait xərcləməz.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-yə dövlət büdcəsindən gələn il də dotasiya ayrılması nəzərdə tutulub. Belə ki, QSC-yə 2024-cü ilin dövlət büdcəsindən 50 milyon manat subsidiya nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib. Bu, 2023-cü illə müqayisədə 11,6 milyon manat və ya 30,2% çoxdur.
Xatırladaq ki, bu günlərdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun metroda daşıma qiymətlərinə dair açıqlaması ölkədə əsas müzakirə mövzularından birinə çevrilib. Metropoliten rəsmisi bildirmişdi ki, ötən il bir sənrişinin daşınması metropolitenə 68 qəpiyə başa gəlib. Görünən odur ki, bu cür tenderlər də daşınma xərclərinə "oturur" və nəticədə yenə vətəndaşın büdcəsinə göz dikilir.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu