ABŞ-ın əczaçılıq şirkəti üz tanıma texnologiyasından sui-istifadə etdiyinə görə cərimələnib
ABŞ Federal Ticarət Komissiyası (FTC) ABŞ-ın əczaçılıq şirkəti "Rite Aid"ə üz tanıma texnologiyasından sui-istifadə edərək mağaza işçilərini müştəriləri oğurluqda yalandan ittiham etməyə vadar etdiyinə görə ona 5 il müddətinə qadağa qoyub.
FTC oğurluğun qarşısını almaq üçün "Rite Aid"in 2012-2020-ci illər arasında yüzlərlə mağazasında istifadə etdiyi süni intellektdən istifadə edən üz tanıma texnologiyası ilə bağlı açıqlama verib.
Açıqlamada şirkətin üz tanıma texnologiyasından sui-istifadə etdiyi, mağaza işçilərinin müştəriləri oğurluqda ədalətsiz ittiham etməsinə səbəb olduğu bildirilib.
Açıqlamada şirkətin sözügedən texnologiyadan istifadə edərkən lazımi təhlükəsizlik tədbirləri görmədiyi və "Rite Aid"in məqbul prosedurları tətbiq etmədiyi səbəbiylə 5 il müddətinə bu texnologiyadan istifadəsinə qadağa qoyulduğu bildirilib.
Digər tərəfdən "Rite Aid" internet saytında verdiyi açıqlamada məhdud sayda mağazada üz tanıma texnologiyasından istifadə etdiyini və təxminən 3 il əvvəl istifadəni dayandırdığını bildirib.