Onlayn mediada yeni trend: könlü yaxşı yazı oxumaq istəyənin əli cibində gərək... - RƏYLƏR
Azərbaycanda onlayn media sahəsində yeni trend yaranır. AFN.az xəbər verir ki, Qaynarinfo.az saytının ardından Pressklub.az saytı da eksklüziv materialların və tanınmış müəlliflərin yazılarının abunə yolu ilə pullu oxunuşuna keçir.
Bu barədə saytın baş redaktoru, tanınmış jurnalist Qabil Abbasoğlu bildirib. O qeyd edib ki, saytda yayımlanacaq xəbərlər hamıya açıq olacaq: “Reklam bazarı və medianın real gəlir imkanları ilə bağlı vəziyyət o həddədir ki, hansısa redaksiya rəhbəri “necə maliyyələşirsiniz?” kimi sadə suala cavab ver(mə)mək üçün az qala diplomatik məharət göstərməli olur. Çünki indiki şərtlərlə medianın özünün özünü təmin etməsinin mümkün olmadığı hamıya aydındır.
Belə şəraitdə jurnalist işinin, redaksiya məhsulunun qiymətini onun oxucusundan gözləməkdən təbii heç nə yoxdur. Çap mediasının az-çox normal fəaliyyət göstərdiyi zamanlarda bunun şahidi olmuşuq. Oxucuların cüzi ödəniş hesabına aldıqları qəzetlər, həmin ödənişlərin toplusundan yaranan vəsaitlə mövcudluqlarını qoruya, konkret qüvvələrə deyil, bütövlükdə cəmiyyətə lazım olan işi görə bilirdilər.
İndi Azərbaycanda gündəlik qəzetlərin qiyməti orta hesabla 50 qəpikdir. Bu, azı ayda 10 manat ödəniş deməkdir. Pressklub.az öz oxucularına ilin sonunadək, demək olar, simvolik abunə qiyməti təklif edir – aylıq 1 manat! Növbəti ildə də mümkün güzəştlər tətbiq etməyə çalışacağıq”.
Q.Abbasoğlu qeyd edib ki, Pressklub.az təkcə baş vermiş hadisələr deyil, onların səbəbləri, doğura biləcəyi nəticələr barədə sizə özəl təhlillər, fərqli və müstəqil, tərəfsiz baxışlar təqdim edəcək: “Saytda Azərbaycan, rus, ingilis dillərində çoxsaylı mövzularda başqa mənbələrdə olmayan araşdırmalar, reportajlar, müsahibələr, analitik yazılar oxuya biləcəksiniz.
Saytımızın ana səhifəsində yuxarı sağ küncdə “ABUNƏ” düyməsini sıxıb, qısa zamanda kiçik ödəniş etməklə həm maraqlı yazılar oxumaq imkanı qazanacaqsınız, həm də bizə, müstəqil mediaya dəstək vermiş olacaqsınız. Bu, təkcə media üçün deyil, həm də oxucularımız və cəmiyyətimiz üçün bir yeniliyin başlanğıcı ola bilər”.
Bəs Qaynarinfo saytının bu istiqamətdə təcrübəsi necə nəticələndi? Azərbaycan oxucusu ödəniş edib saytda hansısa materialı oxumağa hazırdırmı? Qaynarinfo.az saytının yaradıcısı və rəhbəri Zahir Əzəmət AFN.az-a açıqlamasında bildirdi ki, agentliklər tərəfindən indiyə qədər göstərilən bu cür ödənişli xidmətlər korporativ müştərilərə hesablanıb: “Amma biz dünya təcrübəsini araşdırandan sonra 15 illiyimizə hazırlıq kimi, oxuculara müxtəlif ödənişli xidmətlər təklif etdik. İstər saytın reklamsız oxunması, istər aylıq və illik abunə xidmətləri, istər hər hansı xəbərin təkrar reklama buraxılması və s. kimi bir çox rəqəmsal həllər təqdim etdik. İndiyədək minə yaxın qeydiyyat olub. Amma ödənişli xidmətlərdən istifadə gözlədiyimiz həddə deyil. Bunun müxtəlif səbəbləri var, amma əsas odur ki, bunu bazarda tək etmək effekt vermir. ABŞ, Avropa bazarında demək olar ki, bütün media bu şəkildə çalışır. Mən sevinirəm ki, Pressklub.az saytı da bu marafona qoşulur. Ümid edirəm ki, gələcəkdə digər aparıcı saytlar da bu xidməti tətbiq edəcək”.
Z.Əzəmətin sözlərinə görə, əgər oxucular daha keyfiyyətli xidmət almaq, daha keyfiyyətli materiallar oxumaq istəyirlərsə, bilməlidirlər ki, əllərini ciblərinə salmalıdırlar: “Necə deyərlər, ucuz ətin şorbası olmur. Oxucu ona xidmət edən media görmək istəyirsə, yeri gələndə simvolik xərc çəkməyə hazır olmalıdır. Hazırda bu xidmət bizdə yenə davam edir, üzərində zaman-zaman təkmilləşmələr aparırıq. Bir zamanlar bizdə elektron ticarət işləmirdi, pandemiyanın, qlobal markaların gəlməsi ilə indi elektron ticarətin bumu yaşanır. Hesab edirəm ki, yaxın illərdə media ilə bağlı da bu xidmət önə çıxacaq”.
HƏBİBƏ