Körpənin ölümündə günahlandırılan həkimlər yenidən məhkəmə qarşısında


Şəki Apellyasiya Məhkəməsində Ağdaşda səhlənkarlıqda təqsirləndirilən Ziyafət Rüstamova və Rahilə Xəlilovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.

Xatırlatma: Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Ziyafət Rüstamova 1 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunub. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Rahilə Xəlilova isə 1 il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.

Qeyd: Rəsmi məlumata əsasən, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində 2022-ci il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu