Gürcüstanda baş nazir və prezident arasında veto böhranı
Gürcüstanın baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini ölkədə nümayişlərə səbəb olan “Xarici agentlər haqqında” qanuna veto qoyaraq bütün müzakirə yollarını bağlamaqda ittiham edib.
Kobaxidze paytaxt Tbilisidə hökumət binasında Nazirlər Şurasının iclasının açılışındakı çıxışında ölkədə baş verən prosesləri dəyərləndirib.
Baş nazir Kobaxidze xatırladıb ki, prezident Zurabişvili hakim Gürcü Arzusu Partiyasının apreldə təqdim etdiyi və mayın 14-də parlamentdə qəbul etdiyi “Xarici agentlər haqqında” qanuna veto qoyub.
Zurabişvilinin qanuna veto hüququndan istifadə etdiyini və beynəlxalq tərəfdaşlarla müzakirə və danışıqlar üçün bütün yolları bağladığını bildirən Kobaxidze qeyd edib: “Beynəlxalq tərəfdaşlarımıza təklifimiz fikirlərimizi uzlaşdırmaq üçün veto prosedurundan istifadə etmək idi, lakin Salome Zurabişvili sağlam müzakirə üçün bütün yerləri bağlayaraq qanuna sərt veto qoydu”.
Qanunun Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyasına və konstitusiyaya zidd olduğunu əsas gətirən Zurabişvili isə öz növbəsində bildirib: "Bu gün konstitusiyamıza və Avropa standartlarına zidd olan və buna görə də bizim Avropaya gedən yolumuzu kəsən "Rusiya qanunu"na veto qoydum. Bu veto tamamilə qanunidir və bu gün parlamentə təqdim olunacaq. Bu qanun heç bir dəyişikliyə məruz qalmır, təkmilləşdirmələr çox sadədir və bu səbəblə bu qanun tamamilə qanunidir."