İranda prezident seçkiləri prosesi başlayıb


İranda prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-də keçirilməsinə qərar verilən prezident seçkiləri prosesinə start verilib.


İran dövlət televiziyasının məlumatına görə, daxili işlər naziri Əhməd Vahidi fərman verib və seçki prosesi start götürüb.

Sərəncamda bildirilir ki, ölkə Konstitusiyasının 131-ci maddəsi və 38 və 39-cu maddələr çərçivəsində 14-cü prezidentlik dövrünün seçki prosesinin başlanmasına qərar verilib.

Müvafiq olaraq, ölkə üzrə qubernatorluqlara və rayon qubernatorluqlarına 3 gün ərzində öz bölgələrində seçki mərkəzləri və idarə heyəti yaratmaq tapşırılıb.

Prezident Rəisinin mayın 19-da helikopter qəzasında ölməsindən sonra konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Muhbir İran lideri Ayətullah Əli Xameneinin təsdiqi ilə vəkalətlə prezident vəzifəsinin icrasına başlayıb.

İran konstitusiyasına görə, hazırkı prezident vəfat edərsə, parlamentin sədri, məhkəmə hakimiyyətinin başçısı və birinci vitse-prezidentdən ibarət idarə heyəti ən çox 50 gün ərzində yeni prezidentin seçilməsi üçün lazımi tədbirlər görməlidir.

Bununla bağlı mayın 20-də qanunvericilik, icra və məhkəmə hakimiyyəti başçıları arasında keçirilən növbədənkənar müşavirədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.

Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.

İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.

İndiyədək keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, mühafizəkar Səid Celili namizədlik üçün müraciət edəcəklərini açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu