Kinorejissor naziri günahlandırdı: Bu, kino adamlarına qarşı hörmətsizlikdir
Kino Agentliyinin Eskpertiza Şurası ilə kinorejissorlar ətrafında qalmaqal böyüyür. Filmlərin dövlət qeydiyyatına alınması zamanı Ekspertiza Şurasının üzvləri tərəfindən üzləşdikləri problemlərə daha bir kinorejissor öz etiraz səsini qaldırıb.
Kinorejissor Elvin Adıgözəl Qaynarinfo-ya açıqlamasında baş verənlərə görə, birbaşa mədəniyyət naziri Adil Kərimlini ittiham edib:
"İstər telefonla, istərsə də kamera ilə fərq etməz, kinoklublarda nümayiş olunan bütün filmlər dövlət reyestri xidmətindən keçməlidir. Yəni çəkilən filmlər Mədəniyyət Nazirliyində qeydiyyata alınmalıdır. 2006-ci ildə çıxan qərarda icraedici orqan kimi Mədəniyyət Nazirliyi göstərilib. O ildən bu günə bir neçə nazir dəyişib. Əvvəlki iki nazirin dövründə bu qərar formal xarakter daşıyırdı. Yəni, çəkilən film barəsində məlumat verilirdi ki, bu filmdə heç bir pornoqrafiya, azyaşlı uşağa qarşı şiddət, zorakılıq və yaxud da dini-irqi düşmənçilik, bir sözlə qərarda göstərilən maddələrin heç biri yoxdur. Lazım gələrdisə, filmin diski də təqdim olunurdu. Kinomotoqrafiya şöbəsinin işçilərinin qərarından sonra çəkilən filmlər nümayiş olunurdu. Amma mədəniyyət naziri Adil Kərimli məsələyə bir az fərqli yanaşdı".
Elvin Adıgözəlin sözlərinə görə, Adil Kərimli icraedici orqan kimi istədiyi tərkibdə ekspert şurası təyin edib:
"Həmin şuraya nazir istədiyi adamları yığıb. Bütün kanalların siyasi verililərini aparanlardan, kanal rəhbərlərindən tutmuş, kimi axtarsan şurada tapa bilərsən. 2006-ci ildə verilən qərarda belə adamların varlığı haqqında söhbət getmir. Bu qərarda ekspert şurası sözü yoxdur. Amma nazir deyir ki, icraedici orqan kimi bizim daxili qərarımız var və ekspert şurası təyin edirik. Sual olunur, bu ekspert şurası hansı maddələrə əsasən filmlərə qiymət verir? Nazirlər Kabinetinin qərarında yazılıb ki, yuxarıda deyilən maddələr filmlərdə yoxdursa, onalara yaş katiqoriyası verilir. Məsələn, 7-12-16-18 yaş. Bu nə deməkdir? Məsələn, bir film çəkilib, mətndə qan, kiminsə başı divara dəyir və yaxud da sevişmə səhnələri var. Bu filmə 16 yaşlı uşaq baxa bilməz, buna deyirlər 18+. Ekspert şurasının ixtiyarı yoxdur ki, hansısa bir filmə qadağa qoysun. Belə bir qanun yoxdur. Şura üzvləri ancaq filmə yaş katiqoriyası verə bilərlər. Ekspert şurasının üzvləri filmi müzakirə edirlər".
Kinorejissor bunun tamamilə qanusuz olduğunu vurğulayıb:
"Nazirlər Kabinetinin qərarında belə bir maddə var, filmlərə yaş katiqoriyası vermək üçün sosioloq və psixolıqlar cəlb olunmalıdır. Qərarda deyilmir ki, ora Ayaz Salayev, Cəmil Quliyev, "Qulp" Mübariz və yaxud da AzTV-dən Tofiq Aslanov gəlsin. Qərarda belə bir şey yoxdur. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, şuraya müxtəlif şəxslər dəvət eləmişik. Şurada sosioloq, psixoloq dəvət edilib. Kimdir onlar, göstərsinlər baxaq. Şurada belə adamlar yoxdur. Adil Kərimlinin ekspert şurasında sosioloq, psixoloqlar kimdirsə, adlarını desinlər. Yoxdur. Hətta bunlar olsa da, onlar ancaq yaş kateqoriyası verə bilərlər, qadağa qoya bilməzlər. Bu gün isə bizim əlimizdə sənəd var ki, İlkin Yusifin filminə qadağa qoyulub. Heç bir səbəb göstərilməyib, bildirilib ki, məqbul deyil".
Elvin Adıgözəl bu prosesdə Mədəniyyət Nazirliyinin qərarlara əməl etmədiyini önə çəkib:
"Nazir deyir ki, Nazirlər Kabinetinin qərarından əlavə biz daxili qərar vermişik. Daxili qərar veriləndə bu ictimaiyyətə açıqlanmalıdır və kino adamlarının hər biri ilə məsləhətləşmələr aparılmalıdır. Əgər filmlə bağlı problem varsa, şura bu barədə rejissora məlumat verir və deyir ki, get həmin yerləri dəyiş, yenidən qeydiyyat üçün müraciət edin. Bizim kino adamlarının etirazı da bu məsələ ilə bağlıdır. Əgər bizim hər birimizin çəkdiyi filmə nazirin təyin etdiyi ekspert şurası başqa fikirlər, qərarlar verəcəksə, Azərbaycanda kino sahəsində böyük faciələr gözlənilir. Yəni tamaşaçılara filmlər göstərilməyəcək. Bu şura istəlinən filmdə nəsə tapıb, onu qeydiyata almayacaq".
Elvin Adıgözəl bunu kino adamlarına qarşı hörmətsizlik hesab edir:
"Adamlar qanunsuz halda qərar verir və əziyyətlə başa gələn filmi müzakirəyə çıxarır. Biz, 40 nəfər bu şuraya etiraz edirik. Bununla bağlı bəyanat da imzalamışıq".
Qeyd edək ki, rejissor İlkin Yusifin ekranlaşdırdığı "Mən qəhrəman axtarıram" sənədli filmi ilə bağlı qalmaqal yaranıb. Rejissor filmə yayım hüququ ala bilmir. İlkin Yusif bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət edib. Nazirlik "Mən qəhrəman axtarıram" filmini Kino Agentliyinin Eskpertiza Şurasına göndərib. Şura üzvlərinin əksəriyyəti filmə lisensiya verilməsinə qarşı çıxıb.