Anadolu və Azərbaycan muzeyləri əməkdaşlıq edəcək


Türkiyənin nüfuzlu Anadolu Mədəniyyətlər Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq və arxeologiyaa dair birgə layihələr müzakirə edilib.


Türkiyədəki Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Anadolu Mədəniyyətlər Muzeyinin müdiri Yusuf Kıraç ilə görüşüb. Görüşdə muzey sahəsində əlaqələrin genişləndirilməsi və Azərbaycan muzeyləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Muzeydə keçirilmiş görüşdə, arxeologiya sahəsində Türkiyənin qədim və zəngin muzeyi olan Anadolu Mədəniyyətlər Muzeyi ilə Azərbaycanın aparıcı muzeyləri arasında əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə olunub. Görüş zamanı Azərbaycan və Türkiyənin arxeologiya sahəsində alimləri və tədqiqatçıları arasında görüşlərin keçirilməsi, arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim mədəniyyətlərə dair təqdimatlar və birgə elmi konfransların təşkili, eləcə də mədəniyyətə dair elmi mübadilə proqramlarının reallaşdırılması barədə razılıq əldə olunub.
Samir Abbasov Azərbaycanda son illər aparılan arxeoloji qazıntılar zamanı çoxlu maddi-mədəniyyət nümunələrinin aşkar edildiyini, ölkəmizin Kür-Araz və Xocalı-Gədəbəy kimi qədim mədəniyyətlərin beşiyi olduğunu vurğulayıb. Tərəflər, iki ölkə muzey rəhbərlərinin qarşılıqlı səfərləri və Türkiyədə muzey fondlarının reyestri sahəsində yeni yaradılmış onlayn Muzey İnventar Sisteminə Azərbaycan və digər Türk dövlətlərinin muzeylərinin qoşulması barədə fikir mübadiləsi aparıblar. Azərbaycan muzeylərinin bu sistemə qoşulması təklifləri dəyərləndirilib və bu sahədə birgə iş aparılması müzakirə olunub.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan MUES (Muzey Milli İnventar Sistemi) sisteminin əsas məqsədi, bütün muzeylərdə olan əsərlər haqqında ətraflı məlumatların saxlanılacağı milli məlumat bankının yaradılmasıdır. Sistem, süni intellekt vasitəsi ilə əsərlərə aid qazıntı sahələrindən laboratoriya proseslərinə, özəl muzeylərdən kolleksiyaçı əməliyyatlarına qədər məlumatları bazaya daxil edərək, əsərlər və muzeylər üçün milli və standart metadata modelini təmin edir. Bununla yanaşı, qaçaqmalçılıq və saxta işlərin aşkarlanmasına yardım edir, əsərləri zərər və risklərdən qorumaq məqsədi daşıyır.
Sonda hər il milyonlarla insan və turistin ziyarət etdiyi nüfuzlu Anadolu Mədəniyyətlər Muzeyində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin və təqdimatların keçirilməsi razılaşdırılıb. Müzey ziyarət olunub və müxtəlif bölmələr, Türkiyə ərazisində arxeologiya sahəsində aparılan qazıntılar və tədqiqatların nəticəsində aşkar olunmuş eksponatlar, Anadolu ərazisindəki mədəniyyətlərə dair abidələrə baxış keçirilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu