Yenilənən dünyanın dəyişməyən köçəri tərzi


Qazaxıstanın paytaxtı Astana V Dünya Köçəri Oyunlarına ev sahibliyi edir. Sentyabrın 8-dən13-dək davam edən tədbir 89 ölkədən 2500-dən çox nümayəndənin iştirakı ilə keçirilir. İştirakçılar 21 idman növü üzrə 97 dəst medal uğrunda yarışırlar. Onlar idman, ənənəvi xalq oyunları və mədəni irsin vəhdətiylə türk etnoqrafiyasını dünyaya sərgiləyirlər.



Dünya Köçəri Oyunları nədir?

Dünya Köçəri Oyunları (World Nomad Games) köçəri xalqların ənənəvi idman növlərini və mədəniyyətlərini yaşatmaq və tanıtmaq məqsədi ilə təşkil edilən beynəlxalq idman tədbiridir. Bu oyunlar ilk dəfə 2014-cü ildə Qırğızıstanda baş tutub və hər iki ildən bir müxtəlif ölkələrdə keçirilməkdədir.

Oyunlar, əsasən, köçəri həyat tərzinin bir hissəsi olan ənənəvi idman növlərini əhatə edir:

– Bəzi yerlərdə Buzkaşi kimi tanınan Kökbörü oyunu, at üstündə oynanılan Keçiçəkişmə oyunu, Əl güləşi, Oxatma (həm at üstündə, həm də yerdə), Atlı oyunlar (atla sərbəst gediş, sürətli yarışlar).
Bu oyunlar tərəflərin təkcə gücünü sınamaq üçün deyil. Oyunlar zamanı iştirakçı xalqların mədəniyyəti – musiqi, yaradıcılıq və sənətkarlığı nümayiş etdirilir.
Köçəri həyat tərzi min illikləri əhatə edir və yenilənən dünyada hələ də bu yaşayış tərzi qalmaqdadır.

Qazaxıstanda nələr olacaq?

“Kazanat” meydançası yaxınlığında 10 hektar ərazidə “Köçərilər dünyası” etnoaulu qurulub. Etnoaulda mərkəzi meydan, çadırlar, açıq səma altında “Köçəri sivilizasiyalar muzeyi”, idman, milli mətbəx, ana səhnə və digər guşələr hazırlanıb. “Şərq bazarı”nda Qazaxıstanın 200-dən çox sənətkarı öz məhsullarını təqdim edəcək. İştirakçılar, turistlər qazax xalqının milli təamlarından dadıb mətbəxləri ilə yaxından tanış olacaqlar.

Azərbaycan da ənənəvi Dünya Köçəri Oyunlarında geniş heyətlə təmsil olunur. Bayrağımız daim ucalarda dalğansın!

Məhbubə Mehdiyeva
Araşdırmaçı sosioloq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu