Mozambikdə həbsxanadan 6 minə yaxın məhbus qaçdı

Milad günü Mozambikin paytaxtı Maputoda yüksək rejimli həbsxanadan 6 minə yaxın məhbus qaçıb. Hadisə seçkinin nəticələrinə etirazların gücləndiyi bir vaxtda baş verib.
Mozambik Polisinin Baş Komandanı Bernardino Rafael qaçış zamanı 33 məhbusun öldüyünü, 15-in yaralandığını açıqlayıb.
Oktyabrın 9-da keçirilən seçkilərdə hakim Frelimo partiyasının qələbəsi konstitusiya şurası tərəfindən təsdiqləndikdən sonra ölkə daxilində başlayan etirazlarda polis maşınları, polis bölmələri və ictimai infrastrukturlar hədəfə alınıb.
Bu dövrdə Maputo Mərkəzi Həbsxanasında bir qrup məhbus vəzifədə olan mühafizəçilərin silahlarını ələ keçirərək üsyan edib və məhbusların qaçmasına şərait yaradıb.
Hadisə ilə bağlı açıqlama verən Rafael həbsxanada 29 terrorçu məhkumun da qaçanlar arasında olduğunu bildirib.
Rafael qaçan məhbuslardan könüllü təslim olmalarını və ictimaiyyətdən onların harada olduqları barədə səlahiyyətlilərə məlumat vermələrini xahiş edib.
Mozambikdə seçki sonrası gərginlik getdikcə artdığı üçün insident ölkədə təhlükəsizlik narahatlığını daha da dərinləşdirib.