Çinin 4 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub

Çin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiyanın milli ərazi sularını pozduğu açıqlanıb.
Yaponiyanın Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına görə, Çinin 4 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.
Yaponiyanın nəzarətində olan Minami-Kojima adalarının ətrafında pulemyotlarla təchiz edildiyi görülən gəmilər Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra bölgəni tərk edib.
Sözügedən hadisə 2025-ci ildə Çin gəmilərinin bölgədə Yaponiya ərazi sularını ilk dəfə pozması kimi qeydə alınıb.
Çin gəmiləri Yaponiyanın ərazi sularını sonuncu dəfə 2024-cü il dekabrın 6-da pozub.
Dövlət televiziyası NHK bildirib ki, sahil mühafizəsi xarici gəmilərin milli ərazi sularını pozmasının qarşısını almaq üçün bölgəyə xəbərdarlıq və nəzarəti davam etdirir.