Bakıda 150 min manatlıq dələduzluq: Günel Abbasovanı kim qoruyur? - ŞİKAYƏT
Əliyeva Kəmalə Məzahir qızı AFN.az-a müraciət edərək Abbasova Günel Pənah qızının ona 6500 manat pul "atdığını" bildirib.
K.Əliyevanın sözlərinə görə, G.Abbasova onun ağır xəstəlikdən əziyyət çəkən qohumuna əlillik düzəldəcəyini vəd edib: "Bizdən əvvəlcə 8 min manat istədi, sonra dedi ki, tanışıq, hörmət edəcəm, 6500-ə düzəldəcəm bu işi. Həmin vəsaiti bankdan kredit götürüb verdik ona. Günelin atası, bacısı bizim qonşumuzda yaşayırlar, o vəsilə ilə tanıyırdım onu. Özü də "Dünya" TV-də həkim verilişinə çıxırdı, deyirdi məşhur həkimlərdən birinin köməkçisidir (həkimlə əlaqə saxladıq və onun elə köməkçisi olmadığını bildirdi, ona görə ad çəkmirik - red.). Özünü məşhur adam kimi göstərdiyi üçün ona etibar edib ödəniş etdik. Qohumumu ağır xəstə halda ola-ola bir neçə dəfə rayondan Bakıya gətirtdi ki, ekspertizadan keçməlidir, komissiyaya girməlidir, amma hər dəfə bir bəhanə ilə geri qaytarırdı. Bizə deyirdi ki, pulu həkimlərə verib, onlar da onu aldadırlar".
K.Əliyeva bir neçə aydan sonra aldadıldığını başa düşüb və Qaradağ rayon polis şöbəsinə müraciət edib. İşə şöbənin Azər adlı müstəntiqi baxıb: "Azər müəllim bizi çağırdı, dedi ki, Güneldən çoxlu sayda şikayətçi var. Məlum oldu ki, 14 nəfərə ümumilikdə 150 min manata yaxın pul "atıb". Saxlayıblar, iki gündən sonra buraxıblar. Sonra onun vəkili çıxdı qarşımıza, Kamil Məhərrəmov adında. O bizə dedi ki, onsuz da siz hara şikayət etsəniz də, mən gedib o şikayəti aradan çıxaracam. Gəlin, mənə inanın, şikayətinizi geri götürün, sizin pulunuzu mən verəcəm. Şikayəti götürmədik, amma vəkilə söz verdik ki, pulu verin, götürək. Vəkil də aldatdı bizi. Azər müəllim (müstəntiq-red.) dedi ki, 4 min manatınızı verməyə razıdır, ona da razılaşdıq, o da olmadı. Sonra Günel bizə səs atdı ki, şikayətinizi götürün, mən sizin pulunuzu verəcəm. Dedi ki, onsuz da polisə pul verirəm, ona verməyim, sizə verim. (Həmin səs yazısı şikayətçi tərəfindən AFN.az-a da təqdim edilib-red.). 2 ilə yaxındır beləcə bizi aldadır. Axırda da müstəntiq bizə bildirdi ki, iş Gəncə şəhərinə göndəriləcək. Bizə çox təəccüblü gəldi, hadisə Bakıda, Qaradağ rayonunda baş verib. Lökbatan qəsəbəsində bankda pulu Günelə vermişəm, belə olan halda işə niyə aidiyyatı üzrə baxılmır, Gəncəyə göndərilir? 14 şikayətçidən 13-ü Bakıdadır. Bu işin belə olacağını əvvəldən hiss edirdim, çünki polis və prokuror bizi başdan edirdilər. Gah dedilər hamilədir, saxlaya bilmirik, gah dedilər mülki işdir, məhkəmə baxmalıdır, gah da dedilər tapa bilmirik ki, saxlayaq. Evimin yanında bağçaya uşaq gətirir, dəfələrlə müstəntiqə demişəm ki, burdadır, adam göndərin saxlayın, etməyiblər. Məni təəssüfləndirən odur ki, bütün hüquq-mühafizə orqanları birləşib bir dələduzu yaxalaya bilmir".
K.Əliyeva bildirib ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, daxili işlər nazirinə, baş prokurora müraciətlət ünvanlayıb. Lakin hələlik bir nəticə yoxdur.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli AFN-in sorğusuna cavab olaraq bildirdi ki, 08.08.2024-cü il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan vətəndaş K.Əliyeva polisə ərizə ilə müraciət edərək G.Abbasova adlı
tanışının ona qarşı dələduzluq etdiyini bildirib: "Şikayətçi həmin şəxsin onun qohumuna 1-ci qrup əlillik dərəcəsi almağa kömək edəcəyinə dair yalan vədlər verərək 6500 manatını ələ keçirdiyini qeyd edib. Daxil olmuş məlumat əsasında toplanılmış material Qaradağ RPİ-nin İstintaq Şöbəsinə təqdim edilib. Aparılan araşdırmalar zamanı G.Abbasovanın ayrı-ayrı vaxtlarda digər şəxslərə qarşı da analoji əməllərə yol verdiyi müəyyən olunub. Onun Qaradağ rayonunda törətdiyi əməl də həmin işlərə əlavə edilərək istintaq aidiyyəti üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Həmin şəxsin barəsində zəruri istintaq tədbirləri davam etdirilir".
Vəkil Kamil Məhərrəmov bildirdi ki, o, G.Abbasovanın vəkili deyil: "Onun işi bizim hüquq bürosunda olub. Büronun rəhbəri Ramin Vəliyevdir. Bircə dəfə Yasamal polisinə çağıranda onun vəkilliyini etmişik. Onda da sənədlərinin arasına baxanda gördüm ki, orda qohumlarımın adı keçir. Kəmalə xanımgil mənim qohumlarımdır. Ordan əlaqə saxlayıb demişəm ki, sizin pulunuzu qaytarması üçün kömək edəcəm. Amma artıq Günel xanıma vəkillik etmirik, çünki onun problem yaşadığı adamların sayı çoxdur, çox yerə şikayət edilib".
Bütün qeyd edilənlərlə əlaqədar G.Abbasovanın özündən münasibət almaq istəsək də nə zəngimizə, nə mesajımıza cavab vermədi.