Eyni mənzili bir neçə nəfərə satmaqda ittiham olunan şəxslər hökmdən narazıdır
Bakıda hündürmərtəbəli yaşayış binaları tikən "Mur-Ay" şirkətinin rəhbərliyi və digər vəzifəli şəxsləri Ali Məhkəməyə kassasiya şikayəti verib.
Şikayətə aprelin 29-da hakim Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.
"Mur-Ay" işi ilə bağlı şirkətin rəhbəri Elxan Hüseynov, köməkçisi Vaqif Söhbətov, müavini Bəybala Sultanov, şirkətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və "Azərbaycan" Nəşriyyatının keçmiş direktor müavini Qalib Məmmədbəyli həbs edilib. Onlar dələduzluqda ittiham olunur.
İttihama görə, təqsirləndirilən şəxslər Yeni Yasamalda inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı vətəndaşlara satmaqla dələduzluq əməli törədiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Hüseynov 15, Qalib Məmmədbəyli 10, Bəybala Sultanov 13, Seyfəddin Səfərov 10, Şəhriyar Ağayev 11, Vaqif Söhbətov 12, Novruz Muxtarov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar apellyasiya şikayəti versələr də, təmin edilməyib.
Bu işdə Qalib Məmmədbəyli fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumudur. Elxan Hüseynovun həbs ediləndən sonra mediada yayılan müraciətində də bu fakt aydın görünür.
Qaynarinfo