ABŞ USAID-in 2 min nəfərlik heyətini ixtisar edib

ABŞ administrasiyasının Beynəlxalq İnkişaf Agentliyində 2000 işçini ixtisar edəcəyi və yerdə qalan işçilərin cüzi bir hissəsi istisna olmaqla, hamısını məcburi məzuniyyətə göndərəcəyi açıqlanıb.
ABŞ prezidenti Donald Trampın və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) xarici yardımı dayandırmaq qərarının davamı olaraq Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) əməkdaşlarına göndərilən açıqlamada onların işlərinə xitam verildiyi bildirilib.
“23 fevral 2025-ci il, bazar günü saat 23:59-dan etibarən kritik missiyalar, əsas rəhbərlik və xüsusi təyin olunmuş proqramlara cavabdeh olan işçilər istisna olmaqla, USAİD-in birbaşa işləyən bütün işçiləri bütün dünyada inzibati məzuniyyətə buraxılacaqlar”, - USAİD əməkdaşlarına göndərilən yazılı bildirişdə qeyd edilib.
Sözügedən hadisə ABŞ-da federal hakimin Tramp administrasiyasına ölkə daxilində və xaricində çalışan minlərlə USAİD əməkdaşını işdən çıxarmağa icazə verməsindən sonra baş verib.