Husilər İsrailə məxsus önəmli və həssas bir hədəfi vurduğunu açıqladı
Yəməndəki husilər Qüdsün qərbində İsrailə məxsus önəmli və həssas bir hədəfi hipersəs ballistik raketi ilə vurduqlarını açıqlayıb.
Hədəfin təfərrüatları barədə məlumat verilməyən açıqlamada, Yəmən Silahlı Qüvvələrinə bağlı pilotsuz uçuş aparatlarının da Hayfa bölgəsində həyati əhəmiyyət daşıyan İsrail hədəfini vurduğu və bu əməliyyatın da uğurla nəticələndiyi bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, bu hücumlar İsrailin Qəzzada və Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlara cavabın bir hissəsi kimi icra olunub.
Xatırladaq ki, İranın dəstəklədiyi husilər dünən səhər də İsrailin paytaxtı Təl-Əviv bölgəsində həssas hədəflərin iki raketlə vurulduğunu açıqlamışdı.
İsrail ordusu isə səhər saatlarında verdiyi açıqlamada Yəməndən atılan raketin havada zərərsizləşdirildiyini bildirmişdi.
Qeyd edək ki, Yəməndəki husilər İsrailin 28 avqustda paytaxt Sənaya endirdiyi hücum nəticəsində Baş nazir Əhməd Qalib ər-Rehavi və 9 nazirin öldürülməsindən sonra bu ölkəyə qarşı hərbi hücumları artıracaqlarını elan etmişdi.



