G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib

Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşdə G7 ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə ediblər.
AFN.az xəbər verir ki, bu barədə G7-nin birgə bəyanatında qeyd olunub. Bildirilib ki, Ukraynanın müstəqilliyi və suverenliyi üçün dəstək davam etdiriləcək və ABŞ-la koordinasiyalı şəkildə təhlükəsizlik zəmanətlərinin təmin olunması əsas prioritet olaraq qalır.
Nazirlər, həmçinin, Rusiyaya əlavə iqtisadi itkilərin tətbiqi və üçüncü ölkələrə qarşı tədbirlərin görülməsi barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, G7 maliyyə nazirləri Ukraynanın dəstəklənməsi üçün Rusiya suveren aktivlərindən istifadə məsələsini müzakirə etməkdə davam edirlər.