Venesuela Kolumbiya sərhədində təhlükəsizlik səviyyəsini maksimuma qaldırdı
Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəddə yerləşən Taçira, Apure və Amazon əyalətlərində təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırılması barədə göstəriş verib.
Dövlət televiziyası VTV-nin məlumatına görə, Maduro ordu rəhbərləri ilə keçirdiyi görüşdə “Müstəqillik 200 Əməliyyatı” adlı hərbi təlim çərçivəsində sərhəd bölgələrində təhlükəsizlik tədbirlərinin maksimuma çatdırılmasını tapşırıb.
Prezident bildirib ki, ölkənin ordu, polis və vətəndaş qüvvələri tam səfərbər vəziyyətə gətirilməlidir.
Maduro əlavə edib ki, müdafiə hazırlıqları yaxın günlərdə daha da gücləndiriləcək.
Prezident həmçinin mümkün xarici müdaxilə halında ordunun və polisin ölkənin dağlarını, sahillərini, məktəblərini, xəstəxanalarını, fabriklərini, bazarlarını və yaşayış məhəllələrini qorumaq üçün müdafiə gücünü artırmasını istəyib.
Venesuela Daxili İşlər, Ədalət və Sülh naziri Diosdado Kabello xatırladıb ki, artıq 11 əyalətdə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb və bu siyahıya paytaxt Karakasla Miranda əyaləti də əlavə ediləcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl “narkotiklə mübarizə” adı altında Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuela ərazisində əməliyyatlar aparmaq səlahiyyəti verdiyini təsdiqləmişdi.


