Deputatdan Adil Kərimliyə: Necə razı olursan ki, ailə üzvlərin miskin duruma düşsün?
Bir neçə gün əvvəl deputat Səyyad Aranın parlament komissiyalarının iclasında səsləndirdiyi fikirlər, nədənsə, medianın diqqətindən yayınıb.
Bu barədə AFN.az-a diqqətli oxuculardan biri yazıb. Bildirilir ki, parlamentdə 82 saylı İmişli-Salyan seçki dairəsini təmsil edən S.Aran çıxışı zamanı bir sıra nazirləri, o cümlədən mədəniyyət naziri Adil Kərimlini tənqid edib.
"Nazirlərin fəaliyyindən narazıyam" deyən deputat fikrini onunla əsaslandırıb ki, təmsil etdiyi rayonda mərkəzi şəhər kitabxanası və uşaq kitabxanası 1987-ci ildə tikilən binada yerləşir: “32 nəfərdən ibarət iki kollektivin fəaliyyət göstərdiyi binada sanitar qovşağı yoxdur. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün binadan çıxır sağa, sola, önə, arxaya evlərə gedirlər. Hər dəfə bizi görəndə xahiş edirlər, yalvarırlar ki, problemi həll edək. Mən ötən il dedim bu haqda nazirə. Mən deputatam, seçicilərimin yanında məni niyə utandırırsız? YAP-ın yanındadır həmin bina rayonda. Gedirəm ora, mənə ironiya edirlər ki, nooldu?! Sən nazirsən, yaşından asılı olmayaraq, o camiənin ağsaqqalısan, böyüyüsən, rəhbərisən, ailəndi onlar sənin. Sən necə razı olursan ki, sənin ailənin üzvləri miskin günə qalsınlar? Axı bunu həll etmək 2-3 min manata başa gələ bilər. 5 mindən yuxarı tenderlədir, başa düşdük, amma 5 minə qədər nazirlik bunu edə bilər. Mən bunu sənə, Adil Kərimli, bağışlayaram!”
Qeyd edək ki, S.Aranın bu çıxışı Mədəniyyət Nazirliyinin bayraq paylaşımından sonra gündəmə gəlib. Paylaşımda Azərbaycan bayrağının üstündəki ulduz 7 guşəli görünür. İzləyicilərdən bəziləri bunu bayrağın dalğalanması ilə əlaqələndirsələr də, digərləri paylaşımın süni intellekt vasitəsilə hazırlandığı üçün bayrağın 8 yox, 7 guşəli olduğunu bildirirlər.
Dünən bu cür hal bir neçə qurumun paylaşımında əksini tapıb. Onlardan biri də “XalqBank”dır ki, onların müvafiq fotosunda bayrağımızın üstündə 10 guşəli ulduzun əksini tapdığı görünür.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

