Hollandiyadan Ukraynaya 700 milyon avro əlavə hərbi yardım


Hollandiya xarici işlər naziri David van Veel Ukraynaya təcili şəkildə 700 milyon avro məbləğində əlavə hərbi yardım göstəriləcəyini açıqlayıb.

Nazir Van Veel X-də bildirib ki, Hollandiya Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından etibarən Ukraynaya mühüm dəstək verib.

Van Veel deyib ki, hökumət hərbi təchizat dəstəyini 2026-cı ildə də davam etdirəcək.

Digər tərəfdən, Van Veel maliyyə naziri Eelco Heinen və müdafiə naziri Ruben Brekelmans ilə birlikdə parlamentə Ukraynaya hərbi dəstək təklifinin icrasına dair ortaq məlumat məktubu təqdim edib.

Məktubda 2 dekabr tarixində parlamentin Ukraynaya hərbi dəstək büdcəsi üçün 2026-cı il büdcəsindən 2 milyard avro ayrılmasını qəbul etdiyi xatırladılıb.

Həmçinin vurğulanıb ki, Rusiyanın 22 fevral 2022-ci ildə başladığı genişmiqyaslı işğaldan bu yana Hollandiya Ukraynaya təxminən 13,5 milyard avro hərbi yardım və 3,5 milyard avro hərbi olmayan xərclər üzrə öhdəlik götürüb. Bununla yanaşı, Ukraynaya müxtəlif təminatlar və kreditlər də verilib.

Məktubda bildirilir ki, Hollandiya əvvəlki dövrlərdə Ukraynaya öz hərbi ehtiyatlarından birbaşa sursat tədarük edib və bu çərçivədə haubitsalar (PzH 2000) və döyüş təyyarələri (F-16) göndərib. Daha sonra bu dəstəyin istiqaməti Ukrayna Silahlı Qüvvələrinin davamlılığını təmin etmək üçün lazım olan təchizat və ehtiyat hissələrinin verilməsinə, həmçinin Ukrayna müdafiə sənayesinin təşviqinə yönəlib. Bu kontekstdə pilotsuz uçuş aparatlarına (PUA) xüsusi önəm verildiyi qeyd olunub.

Məktubda Avropa səviyyəsində Ukraynaya dəstəyin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Aİ çərçivəsində Ukrayna üçün maliyyə dəstəyi ilə bağlı böyük məbləğlərin gündəmdə olduğu qeyd edilən məktubda hökumətin qısa müddətdə Ukrayna üçün beynəlxalq maliyyə vəsaitləri səfərbər etməyə düzgün şərtlər daxilində böyük önəm verdiyi bildirilib.

Hökumətin vəsait yaradılması məsələsində dondurulmuş Rusiya Mərkəzi Bankı aktivlərinə əsaslanan yenidənqurma kreditlərinə üstünlük verdiyi və yaxın zamanda parlamentə bu barədə daha ətraflı məlumat veriləcəyi məktubda qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu