İngiltərədə evsizlərin sayında rekord artım - HESABAT


İngiltərədə dərinləşən mənzil böhranının miqyası yeni bir hesabatla üzə çıxıb. Sığınacaq təşkilatı "Shelter"in illik qiymətləndirməsinə görə, ölkədə gecəni küçədə keçirənlərin sayı bir il ərzində 20 faiz artaraq ən azı 4667 nəfərə çatıb. Yüz minlərlə insan isə fərqli formalarda evsizliklə üz-üzədir.

"Shelter"in məlumatlarına əsasən, ölkə üzrə aralarında 175025 uşağın da olduğu 380 mindən çox insan evsizdir.

Bu rəqəm bir ildə 8 faiz artıb və əlavə 28.602 nəfərlik yüksəliş deməkdir. Beləliklə, İngiltərədə hər 153 nəfərdən biri, Londonda isə hər 45 nəfərdən biri evsizliklə mübarizə aparır.

Hesabat göstərir ki, evsiz kimi qeydə alınanların 90 faizindən çoxu aralarında 84240 ailə müvəqqəti yerləşdirmə yerlərində saxlanılır. Ən azı 4031 nəfər sosial xidmətlərin təmin etdiyi məkanlarda, 16294 nəfər isə yataqxana və digər sığınacaq mərkəzlərində qalır.

Bu mənzərə fonunda Leyborist Partiyasının hökuməti evsizliyi aradan qaldırmaq planını açıqlayıb. 3,5 milyard funt büdcə ilə dəstəklənəcək proqram evsizlik hallarını önləyən xidmətləri genişləndirməyi, küçədə qalanların sayını yarıya endirməyi və ailələr üçün qanunsuz “B&B” (pansionat) praktikasını aradan qaldırmağı hədəfləyir.

Hökumət həmçinin kirayə hüquqlarını gücləndirən Renters' Rights Bill qanununu oktyabrda qəbul edib və cari parlament dövründə 1,5 milyon yeni ev tikmək öhdəliyini təkrarlayıb.

Sığınacaq təşkilatları hökuməti daha cəsarətli addımlar atmağa çağırır. Bu çağırışların başında kira dəstəyi verən housing benefit ödənişlərindəki dondurmanın aradan qaldırılması dayanır. Mütəxəssislərə görə, bu siyasətin 2026-dan əvvəl dəyişməsi gözlənilmir. "Shelter"in rəhbəri Elliott bildirib ki, dondurmanın aradan qaldırılması minlərlə uşağın dərhal müvəqqəti yerləşdirmədən çıxarılıb daimi evlərə yerləşdirilməsini mümkün edə bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu