Tramp: Beynəlxalq hüquqa ehtiyacım yoxdur
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın beynəlxalq arenadakı səlahiyyətlərinin sərhədinin öz əxlaqı və öz düşüncəsi olduğunu bildirərək “Beynəlxalq hüquqa ehtiyacım yoxdur”, – deyə açıqlama verib.
Oval Ofisdə New York Times (NYT) qəzetinə geniş müsahibə verən Donald Tramp iqtisadiyyatdan xarici siyasətə qədər bir çox mövzuda dəyərləndirmələr aparıb.
Tramp müsahibəsində ABŞ-ın beynəlxalq hüquqa uyğun hərəkət edib-etməyəcəyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirərək ölkəsinin milli maraqlarını ön plana çıxarıb.
ABŞ Prezidentinə qlobal səlahiyyətlərinin hər hansı məhdudiyyətinin olub-olmaması ilə bağlı sual ünvanlandıqda, o, “Bəli, bir şey var; öz əxlaqım, öz ağlım. Məni dayandıra biləcək yeganə amil budur. Beynəlxalq hüquqa ehtiyacım yoxdur”, – cavabını verib.
Məqsədinin insanlara və digər ölkələrə zərər vermək olmadığını deyən Tramp, beynəlxalq hüquqa əməl edib-etməmək məsələsinin bu anlayışın necə tərif olunmasından asılı olduğunu vurğulayıb.
Öz administrasiyasının beynəlxalq hüquqa əməl edib-etməyəcəyi sualına “Əməl edərik” cavabını verən Tramp, buna baxmayaraq, ABŞ-ı məhdudlaşdıran beynəlxalq hüquqi vəziyyətlər yarandıqda son qərar verən instansiyanın özü olacağını açıq şəkildə ifadə edib.

