İrandan Zelenskiyə cavab: Dünya klounlardan bezib
İranın Xarici İşlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin İranda baş verən etirazlarla bağlı açıqlamalarına sərt reaksiya verərək, "Dünya çaşqın klounlardan bezib" deyib.
Əraqçi açıqlamasını X-də paylaşıb. O, iranlıların özlərini necə müdafiə edəcəyini bildiyini və xarici qüvvələrdən yardım istəmədiklərini vurğulayıb:
“Hörmətli Zelenski, dünya klounlardan bezib. Muzdlu əsgərlərlə dolu ordunuzdan fərqli olaraq, iranlılar özlərini necə qoruyacağını bilir”.
Nazir həmçinin Ukrayna rəsmilərinin ABŞ və Avropadan gələn maddi yardımlarla varlandıqlarını qeyd edərək, “Heç utanmadan BMT Nizamnaməsini pozacaq şəkildə ABŞ-ın İrana qanunsuz hücum etməsini tələb edirlər” deyə bildirib.
Qeyd edək ki, Zelenski bu açıqlamanı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) verib. O, İranda baş verən etirazlar haqqında danışaraq, “İran xalqına kifayət qədər yardım edilməyib, Avropa kənara çəkilib və ABŞ-ın İrandakı hadisələrə necə reaksiya verəcəyi gözlənilir” deyə bildirmişdi.


