Cənubi Koreyada PUA qalmaqalı: Kəşfiyyat qurumlarına basqın edildi
Şimali Koreyaya göndərildiyi iddia edilən PUA-larla bağlı araşdırmalar dərinləşib. Cənubi Koreyada kəşfiyyat qurumlarına basqın təşkil edilib, üç hərbçi və bir kəşfiyyat əməkdaşı nəzarətə götürülüb. Sabiq prezident Yunun da iş üzrə müttəhim olduğu bildirilir.
Pxenyan rəhbərliyi yanvar ayında sənaye şəhəri Keson yaxınlığında bir müşahidə PUA-sını vurduğunu açıqlamış və Seulu "mühüm hədəflər" haqqında kəşfiyyat məlumatı toplamaq məqsədilə bu aparatı göndərməkdə ittiham etmişdi. Cənubi Koreya rəhbərliyi başlanğıcda rəsmi müdaxiləsi olduğunu inkar etsə də, ordu və polisdən ibarət birgə işçi qrupu həqiqəti üzə çıxarmaq məqsədilə dörd nəfərin istintaqa cəlb olunduğunu elan edib.
İstintaq çərçivəsində Müdafiə Kəşfiyyat Komandanlığı və Milli Kəşfiyyat Xidməti də daxil olmaqla 18 məntəqədə eyni vaxtda əməliyyat aparılıb. Rəsmilər müsadirə edilən materialların araşdırılacağını və şübhəlilərin ətraflı şəkildə dindirilməli olacağını bildiriblər.
Cənubi Koreyanın Birləşmə naziri Çun Donq-yonq yanvar ayındakı PUA hadisəsində keçmiş sərt xətt tərəfdarı lider Yun Suk Yolun hələ də sadiq qalan bəzi dövlət rəsmilərinin rolu ola biləcəyini irəli sürüb. Skanqal çərçivəsində üç mülki şəxsə qarşı da ittiham irəli sürülüb.
Sabiq prezident Yun Suk Yol 2024-cü ilin sonlarında hərbi vəziyyət elan etmək üçün bəhanə yaratmaq məqsədilə Şimali Koreyaya qanunsuz olaraq PUA göndərdiyi iddiası ilə mühakimə olunur. Prokurorların fikrincə, Yun Pxenyan üzərində PUA uçurulması və Şimal əleyhinə vərəqələrin paylanması barədə göstəriş verərək gərginliyi artırmağı hədəfləyib.
Uğursuz çevriliş cəhdi kimi qiymətləndirilən prosesin ardından 65 yaşlı Yun 2025-ci ilin aprelində vəzifəsindən kənarlaşdırılıb. Yunun qiyam ittihamları ilə bağlı hökmünün gələn həftə açıqlanacağı gözlənilir.

