İran xəbərdarlıq etdi: Enerji obyektlərinə hücumlar davam edəcək
İran ölkədəki enerji obyektlərinə qarşı həyata keçirilən hücumlara cavab olaraq qisas əməliyyatlarının davam etdiriləcəyini bəyan edib.
AFN.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi olan "Hatemu'l Enbiya" Mərkəzi Qərargahının sözçüsü polkovnik-leytenant İbrahim Zülfiqari ABŞ və İsrailin dünən İranın neft emalı zavodlarına təşkil etdiyi hücumlardan sonra Tehranın qisas addımları ilə bağlı açıqlama verib. İranın enerji infrastrukturuna hücumları böyük səhv adlandıran Zülfiqari, bu addımın qarşılığının hələ tam verilmədiyi barədə xəbərdarlıq edib.
Zülfiqari bildirib ki, əgər bu cür hadisələr təkrarlanarsa, düşmənin və müttəfiqlərinin enerji infrastrukturu tamamilə məhv edilənədək hücumlar dayanmayacaq və veriləcək cavab bu gecəki zərbələrdən daha şiddətli olacaq.
Qeyd edək ki, İranın cənubunda, Bəsrə körfəzi sahilində yerləşən Aseluye neft emalı zavodu və Cənub Pars təbii qaz yatağına bağlı müəssisələrin ABŞ və İsrail tərəfindən hədəf alındığı bildirilmişdi.
Bu hücumlardan sonra İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki ABŞ ilə əlaqəli neft obyektlərini vuracağını bəyan edərək, həmin ərazilər üçün təxliyə xəbərdarlığı yayımlayıb. Bu xəbərdarlıqdan bir neçə saat sonra dünən axşam saatlarında Körfəz ölkələrindəki bəzi neft obyektlərinə raket zərbələri endirilib.
