İran Hayfadakı neft emalı zavodunu hədəf aldı



İranın raket hücumundan sonra İsrailin Hayfa şəhərindəki neft müəssisəsindən qara tüstülər yüksəlib, bölgədə qısamüddətli elektrik kəsintisi yaşanıb.

AFN.az xəbər verir ki, neft-kimya zavodları, neft emalı müəssisələri və elektrik stansiyalarının yerləşdiyi zonada güclü partlayış səsləri eşidilib. İsrail mətbuatında yer alan xəbərlərə görə, ordunun senzura orqanı Hayfa limanındakı neft emalı zavodunun zərər görməsi ilə bağlı məlumatların dərc olunmasına icazə verib.

Sosial mediada istilik elektrik stansiyasının bacaları və digər infrastruktur obyektlərinin yerləşdiyi ərazidən qara tüstülərin çıxdığını əks etdirən görüntülər paylaşılıb. İsrailin "Kanal 12" televiziyası Hayfada raket düşməsinin qeydə alındığını, əraziyə təhlükəsizlik qüvvələri və tibbi heyətlərin yönləndirildiyini bildirib. "Qırmızı Davud Ulduzu" təcili yardım xidmətindən verilən ilkin məlumata görə, İranın qisas əməliyyatı zamanı ölən olmayıb.

İsrail ordusu daha sonra yaydığı bəyanatda neft müəssisəsinə birbaşa raket zərbəsinin endirilmədiyini iddia edərək, zərərin İran raketlərinin zərərsizləşdirilməsi zamanı düşən qəlpələrdən qaynaqlandığını irəli sürüb. Energetika naziri Eli Koen isə Hayfada ciddi dağıntı olmadığını bildirib.

İsrail ordusundan verilən açıqlamaya görə, İrandan raket atıldığı müəyyən edildikdən sonra hava hücumundan müdafiə sistemləri işə düşüb. Ordu təhlükə altındakı bölgələrdə əhalinin mobil telefonlarına xəbərdarlıq mesajları göndərərək sığınacaqlara girməyi tapşırıb. İranın hücumundan sonra Hayfa başda olmaqla ölkənin şimalındakı Cəlilə bölgəsi və Şərqi Qüdsdə həyəcan siqnalları səslənib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu