İran Trampın danışıqlar iddialarını təkzib etdi
İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü polkovnik-leytenant İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında danışıqların davam etdiyi barədə açıqlamalarını sərt sözlərlə təkzib edib. AFN.az xəbər verir ki, "Fars" xəbər agentliyi tərəfindən yayımlanan bəyanatda Zülfüqari Vaşinqton rəhbərliyinə müraciət edərək, "Daxili münaqişələrinizin səviyyəsi öz-özünüzlə danışıqlar aparacaq mərhələyəmi çatıb?" ifadəsini işlədib.
Zülfüqari ABŞ-ın meydanda yaşadığı uğursuzluğu "razılaşma" kimi adlandırmamalı olduğunu bildirib. İranın iradəsi tam bərqərar olmayana qədər nə neft qiymətlərinin, nə də köhnə dünya düzəninin geri qayıtmayacağını vurğulayan sözçü qeyd edib ki, bu vəziyyət yalnız İran millətinə qarşı addım atmaq fikri çirkli zehinlərinizdən tamamilə silindikdə reallaşa bilər.
Açıqlamasının sonunda kompromis ehtimalını qəti şəkildə rədd edən Zülfüqari "Bizim ilk və son sözümüz budur ki, bizim kimilər sizin kimilərlə əsla razılığa gəlməyib, gəlmir və gəlməyəcək, nə indi, nə də heç vaxt" deyərək fikrini tamamlayıb.

