Trampdan İrana yeni təhdid: Əməl etməyən əvəzini ödəyər
ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında etdiyi son paylaşımda İranla əldə olunan müvəqqəti atəşkəs prosesi ilə bağlı sərt mesajlar verib.
AFN.az xəbər verir ki, Tramp Tehran rəhbərliyinin real razılaşmaya tam sadiq qalmayacağı təqdirdə bölgədəki Amerika hərbi qüvvələrinin dərhal hərəkətə keçəcəyini bəyan edib. Prezident İranın bütün şərtləri yerinə yetirdiyinə əmin olana qədər ABŞ-a məxsus gəmi, təyyarə və hərbi şəxsi heyətin mövcud mövqelərini qoruyacağını bildirib.
Razılaşmanın pozulma ehtimalını aşağı qiymətləndirən Tramp, buna baxmayaraq hər hansı bir axsaqlıq yaşanacağı təqdirdə münaqişənin daha əvvəl heç görülməmiş bir güclə yenidən başlayacağı ilə hədələyib. O, "Böyük ordumuz hazırda dincəlir və növbəti fəth üçün səbirsizlənir" ifadəsini işlədərək, nüvə silahlarının ləğv ediləcəyini və Hörmüz boğazının açıq və təhlükəsiz qalacağını bir daha vurğulayıb.
Eyni zamanda, Donald Tramp İranla danışıqlara dair mətbuatda yayılan "10 maddəlik plan" iddialarını qəti şəkildə rədd edib. Bu planın "The New York Times" və CNN tərəfindən uydurulduğunu müdafiə edən Tramp, sözügedən məlumatların sülh prosesinə zərər vermək məqsədi daşıyan saxta xəbərlər olduğunu bildirib.
Vaşinqton rəhbərliyinin İranın nüvə silahı sahibi olmasına əsla icazə verməyəcəyini təkrarlayan Tramp, bölgədəki dezinformasiyalara etibar etməyəcəyini qeyd edərək "Amerika geri döndü" mesajı ilə öz qətiyyətini nümayiş etdirib.
