ABŞ-İran görüşləri öncəsi İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilməsi planlaşdırılan kritik danışıqlar ərəfəsində genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.
AFN.az xəbər verir ki, "Dawn" qəzetinin məlumatına görə, şəhər boyu "qırmızı həyəcan" elan edilib və hər iki ölkənin nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün 10 mindən çox mühafizəçi cəlb olunub.
Genişmiqyaslı təhlükəsizlik əməliyyatları ordunun koordinasiyası ilə həyata keçirilir, İslamabad və Pəncab əyalət polisi də bu prosesə dəstək verir. Eyni zamanda, nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə İslamabad Yol Polisi və Milli Magistral Yollar idarəsinin briqadaları xüsusi rejimdə çalışır, dövlət binalarının ətrafında əlavə qüvvələr yerləşdirilib.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar sosial media hesabı vasitəsilə bəyan edib ki, İslamabad görüşlərini işıqlandırmaq üçün ölkəyə gələn jurnalistlərə viza məsələlərində maksimum asanlıq yaradılacaq. Nazir aviaşirkətlərdən müvafiq şəxsləri vizasız təyyarəyə qəbul etməyi xahiş edib və Pakistanın hava limanlarında onlar üçün "qapıda viza" rejiminin tətbiq olunacağını bildirib.
Xatırladaq ki, Ağ Evin sözçüsü Karolin Livitt aprelin 11-də İslamabadda keçiriləcək ABŞ-İran müzakirələrinin ilk mərhələsində Amerika heyətinə vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəyini açıqlamışdı.
