Hindistan yeddi ildən sonra ilk dəfə İran neftindən ibarət partiyanı qəbul edib
İran nefti daşıyan tankerlər Hindistana gəlib ki, bu da son yeddi ildə ilk belə tədarükdür.
AFN.az xəbər verir ki, bu barədə "Business Standard" qəzeti məlumat yayıb.
İki tanker — "MT Jaya" və "MT Felicity" Hindistan sahillərində lövbər salıb: onlardan biri ölkənin şərqindəki Odişa ştatının Paradip limanı yaxınlığında, digəri isə qərbindəki Qucarat ştatının Sikka limanı yaxınlığındadır. Nəşrin qeyd etdiyi kimi, bu hadisə qlobal enerji təchizatı sahəsindəki qeyri-müəyyənlik fonunda Yeni Dehli və Tehran arasında neft ticarətinin tədricən bərpasına işarə edir.
Paradip liman rəhbərliyinin nümayəndələri bildiriblər ki, Kürasao bayrağı altında üzən və Xark adasından 277 321 ton İran nefti gətirən "MT Jaya" tankeri yerli vaxtla təxminən saat 15:18-də yan alıb. "Yükün alıcısı "Indian Oil Corporation Ltd" korporasiyasına məxsus olan Paradipdəki neft emalı zavodudur", — deyə limandan bildirilib.
Qəzetin məlumatına görə, İran bayrağı altında üzən ikinci tanker — "MT Felicity" isə "Bharat Petroleum Corporation Ltd" (BPCL) və "Reliance Industries Ltd" (RIL) şirkətləri üçün 270 min tondan çox neft çatdırıb.
Hər iki gəmi ABŞ Prezidenti Donald Tramp administrasiyasının martın 20-də enerji təchizatı sisteminə təzyiqi azaltmaq məqsədilə dənizdə İran neftinin satın alınmasına icazə verən 30 günlük müvəqqəti sanksiya istisnası tətbiq etməsindən sonra Hindistana yola düşüb.

