Küveyt hava məkanını yenidən uçuşlara açdı
Küveyt İsrail və ABŞ-ın İrana qarşı hücumlarını başlatdığı 28 fevral tarixindən bəri bağlı olan hava məkanının tədricən yenidən açıldığını elan etdi.
AFN.az xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyi KUNA-nın məlumatına görə, Mülki Aviasiya Baş İdarəsinin rəisi Hammud Mübarək əs-Sabah bölgədəki hadisələr səbəbindən 28 fevraldan etibarən hava hərəkətinin müvəqqəti və ehtiyat tədbiri olaraq dayandırıldığını xatırladaraq, Küveyt Beynəlxalq Hava Limanının hava məkanının bu gündən etibarən yenidən açılacağını bildirib.
Sabah qeyd edib ki, sözügedən addım hava limanının növbəti dövrdə tam gücü ilə fəaliyyət göstərməsini təmin etmək məqsədilə hava hərəkətinin mərhələli şəkildə bərpasını nəzərdə tutan planın bir hissəsidir.
Hava limanının bəzi obyektlərinə dəymiş ziyanın qiymətləndirildiyini deyən rəis texniki qrupların əməliyyat avadanlıqları və infrastrukturda texniki baxış və təmir işlərinə başladığını diqqətə çatdırıb.
O, həmçinin bu müddət ərzində Küveyt aviaşirkətlərinin fəaliyyətini asanlaşdırmaqda göstərdiyi əməkdaşlıq və dəstəyə görə Səudiyyə Ərəbistanına təşəkkür edib.
Xatırladaq ki, Küveytin Baş naziri Əhməd Abdullah əl-Əhməd əs-Sabah 19 aprel tarixində Küveyt Beynəlxalq Hava Limanına baş çəkərək rəsmi şəxslərdən yenidən açılış planları, obyektlərin hazırlıq vəziyyəti, habelə təhlükəsizlik sistemləri haqqında məlumat almışdı.
Küveyt Beynəlxalq Hava Limanı bir neçə dəfə Küveyt rəsmilərinin İran və müttəfiq silahlı qrupları məsul tutduğu hücumların hədəfi olub. Sözügedən hücumlar fevral ayının sonunda Tehrana qarşı başladılan İsrail-ABŞ hücumlarına cavab olaraq həyata keçirilmişdi.
ABŞ və İran arasında 8 apreldə elan edilən iki həftəlik müvəqqəti atəşkəsin bir neçə gün əvvəl uzadıldığı bildirilir.
