FTB-nin keçmiş direktoru Ceyms Komi Trampı təhdid etməkdə ittiham olunur
Mərkəzi Kəşfiyyat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi ABŞ Prezidenti Donald Trampın həyatına qəsd etməklə bağlı təhdid irəli sürdüyü iddiası ilə hazırlanan federal ittihamnamə əsasında rəsmən günahlandırılıb.
AFN.az xəbər verir ki, çərşənbə axşamı açıqlanan bu ittiham Komini keçən il sosial şəbəkədə paylaşdığı və qısa müddət sonra sildiyi bir fotoşəkillə əlaqələndirir. Sözügedən "Instagram" paylaşımında dəniz qabıqlarının yan-yana düzülərək "86 47" rəqəmlərini formalaşdırdığı görünür. Jarqon termin olan "86" hər hansı bir şeyi çıxarmaq, atmaq və ya ləğv etmək mənasını daşıyır, "47" rəqəmi isə Trampın ABŞ-ın 47-ci prezidenti olmasına işarə kimi qiymətləndirilir.
Şimali Karolina Şərq Bölgə Məhkəməsinə təqdim edilən ittihamnamədə Ceyms Komi "prezidentin həyatına qəsdlə hədələmək" və "ştatlararası ticarət yolu ilə təhdid ötürmək" kimi iki ayrı federal cinayətdə ittiham olunur ki, bunların hər biri üçün maksimum 10 il həbs cəzası nəzərdə tutulur. FTB direktoru Kaş Patel keçirdiyi mətbuat konfransında Kominin keçmiş yüksək rütbəli məmur kimi bu cür paylaşımların nəticələrini yaxşı bildiyini və bu addımı ilə prezidentə qarşı təhdidləri rüsvayçı şəkildə təşviq etdiyini bildirib. Ceyms Komi isə video müraciət yayaraq günahsız olduğunu, rəqəmlərin zorakılıqla əlaqəli olduğunu bilmədiyini və məhkəmənin müstəqilliyinə güvəndiyini ifadə edib. Hüquqşünaslar isə ittihamnamənin zəif olduğunu və bu davanın ifadə azadlığı çərçivəsində qiymətləndirilməli olduğunu, habelə Ədliyyə Nazirliyinin siyasi rəqibləri hədəf alma cəhdi ola biləcəyini qeyd edirlər.

