İran uranın zənginləşdirilməsinin 10 il dayandırılması xəbərlərini təkzib etdi


İrandan uranın zənginləşdirilməsi prosesinin 10 il müddətinə dondurulması ilə bağlı mətbuatda yayılan məlumatlar rəsmi şəkildə təkzib edilib.

AFN.az “Tasnim” informasiya agentliyinə istinadən xəbər verir ki, İran tərəfi “Al-Arabiya” telekanalının “İran uranın 3,6 faizdən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif edib” iddiasını tamamilə əsassız və yalan adlandırıb.

Mənbə bildirib ki, hazırkı mərhələdə aparılan danışıqların əsas gündəliyi yalnız “müharibənin dayandırılması” məsələsidir və İranın nüvə proqramı ilə bağlı heç bir texniki detal müzakirə olunmur. Eyni zamanda vurğulanıb ki, yayılan məlumatlar real vəziyyəti əks etdirmir və siyasi spekulyasiya xarakteri daşıyır.

Bu təkzib bəyanatı Pakistan nümayəndə heyətinin Tehranda yüksək səviyyəli görüşlərdən sonra ölkəni tərk etməsi ilə eyni vaxta təsadüf edib. Səfər çərçivəsində Pakistan Ordusunun Quru Qoşunlarının qərargah rəisi, feldmarşal Asim Munir Prezident Məsud Pezeşkiyan, parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Araqçi ilə mühüm görüşlər keçirib.

Görüşlərdə regional gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınması və Qərbi Asiyada təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib. Pakistan tərəfinin bu səfəri regionda vasitəçilik səyləri və İran–ABŞ gərginliyinin azaldılması istiqamətində diplomatik təşəbbüslərin davamı kimi qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu