İran və ABŞ arasında münaqişənin həlli üzrə memorandum 14 bənddən ibarətdir - media
İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair hazırlanmış memorandum layihəsi 14 bənddən ibarətdir.
AFN.az xəbər verir ki, bu barədə İranın "Mehr" informasiya agentliyi sənədin layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd layihəsində ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının 30 gün ərzində tamamilə aradan qaldırılması və Amerika silahlı qüvvələrinin İrana həmsərhəd olan zonalardan çıxarılması nəzərdə tutulur. Eyni zamanda layihəyə əsasən, ABŞ və müttəfiqləri münaqişə nəticəsində zərər görmüş İranın yenidən qurulması və infrastrukturun bərpası üçün azı 300 milyard dollar həcmində xüsusi plan təqdim etməlidir.
"Mehr" agentliyi qeyd edir ki, memorandumda həmçinin İranın neft və neft məhsullarının satışına qoyulmuş sanksiyaların fəaliyyətinin dayandırılması bəndi yer alıb. Bununla yanaşı, sənəd layihəsinə görə, İran və ABŞ 60 gün ərzində nüvə proqramı üzrə danışıqlar aparmalı və bu müzakirələrin yekununda yekun saziş imzalamalıdırlar.

