Qalibaf ABŞ ilə razılaşmanın imzalama mərasimində iştirak edəcək
İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi İran və ABŞ arasında əldə olunmuş razılaşmanın rəsmi imzalama mərasimində İran Parlamenti və Danışıqlar Heyətinin sədri Məhəmməd Baqir Qalibaf ilə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin hazır olduğunu bildirib.
AFN.az xəbər verir ki, "Tesnim" xəbər agentliyinin məlumatına görə, Rəvançi xarici işlər naziri Abbas Əraqçinin xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə görüşdüyü iclasda jurnalistlərin suallarını cavablandırıb.
Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin başa çatdığını söyləyən Rəvançi Hürmüz boğazının açılması, dəniz blokadasının qaldırılması və İranın dondurulmuş aktivləri məsələsinin anlaşma memorandumunda yer aldığını qeyd edib.
Rəvançi memorandumun rəsmi imzalama mərasimində İran Məclis və Danışıqlar Heyətinin rəhbəri Qalibaf ilə ABŞ vitse-prezidenti Vensin iştirak edəcəyini ifadə edib.
İmzalama mərasiminin İsveçrədə keçiriləcəyini, lakin dəqiq məkanın hələlik müəyyənləşmədiyini dilə gətirən Rəvançi anlaşma memorandumunun imzalanmasından sonra nüvə mövzularına dair danışıqların başlayacağını sözlərinə əlavə edib.
