İran XİN ABŞ-la razılaşmanın şərtlərini açıqlayıb

Vaşinqtonun tək tələbi Tehranın nüvə silahı istehsalını dayandırması olsa, ABŞ və İran Oman danışıqlarında asanlıqla razılığa gələ bilər.
AFN.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi Serbiyanın Radio və Televiziyasına müsahibəsində bildirib.
"Amerikalılar deyirlər ki, İranın nüvə silahı olmamalıdır. Biz təkidlə təkrar edirik ki, nüvə silahı bizim üçün maraqlı deyil. Ona görə də amerikalıların yeganə tələbi İranın nüvə silahına malik olmamasıdırsa, bizim yeni razılaşmamız olacaq", - deyə Taxt-Rəvançi qeyd edib.
İranlı diplomatın sözlərinə görə, Omandakı danışıqların bütün iştirakçılarının siyasi iradəsi olsa, o zaman yeni razılaşma əldə etmək mümkün olacaq: "Lakin əgər kimsə danışıqlara başqa şeylər qatmaq və bununla da işi çətinləşdirmək istəsə, biz buna nail ola bilməyəcəyik".
İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Omanda keçiriləcək.