Tramp ABŞ şirkətlərini daha çox silah istehsal etməyə məcbur edir



ABŞ Prezidenti Donald Tramp İran ilə aparılan müharibədə azalan hərbi ehtiyatları tamamlamaq məqsədilə müdafiə şirkətlərini sürətli şəkildə daha çox silah istehsal etməyə məcbur etmək üçün icraedici səlahiyyətindən istifadə edib.

AFN.az xəbər verir ki, Tramp administrasiyası ehtiyatların yenidən doldurulması hədəfi ilə əlavə müdafiə xərclərini təsdiqləmələri üçün konqres üzvlərinə təzyiq göstərir.

Federal Reyestrdə dərc olunan sərəncama əsasən Tramp sursat çatışmazlığı ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədilə ötən həftə Müdafiə İstehsalatı Aktını qüvvəyə mindirib.

Tramp Müdafiə naziri Pit Heqsetə göndərdiyi sərəncamda milli müdafiəni və ya hazırlıq proqramlarını birbaşa təhdid edə biləcək şəraitin mövcud olduğunu bildirib.

O, istehsal məhdudiyyətləri ilə tədarük zənciri problemlərinin ABŞ-nin milli müdafiə üçün zəruri olan sursat, raket və hərbi təchizatı istehsal etmək qabiliyyətinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Müdafiə naziri Heqset sursat ehtiyatlarının artırılması üçün administrasiyanın qəbul edilməsini istədiyi 350 milyard dollarlıq əlavə Müdafiə Nazirliyi büdcə paketi ilə bağlı senatorlarla bir araya gəlib.

Texas senatoru Con Kornin Pentaqonun ölkəni qorumaq üçün ehtiyac duyduğu silah və raketləri tədarük etməkdə büdcə sıxıntısı yaşadığını bildirib.

1950-ci illərdən qalma Müdafiə İstehsalatı Aktı prezidentə material tədarükünü sürətləndirmək üçün, o cümlədən özəl şirkətlərə federal hökumətin sifarişlərinə üstünlük vermək göstərişi daxil olmaqla, geniş səlahiyyətlər tanıyır.

Bu qanundan adətən təbii fəlakətlər, terror hücumları və ya pandemiyalar kimi fövqəladə hallarda istifadə olunur.

Xatırladaq ki, yüksəkrütbəli administrasiya rəsmiləri aylardır azalan hərbi ehtiyatlar barədə narahatlıqlarını dilə gətirirlər.

Tramp mart ayında İran ilə başlayan müharibənin ilk günlərində sursat istehsalını sürətləndirmək üçün bu qanundan istifadə etmək fikrini gündəmə gətirmişdi.

Ağ Ev isə ictimaiyyətə verdiyi açıqlamalarda kifayət qədər sursatın olduğunu müdafiə etmişdi.

Trampın müdafiə sənayesi rəhbərləri ilə ötən həftə keçirməyi planlaşdırdığı görüş ABŞ ilə İran arasında müharibəni dayandırmağa yönəlmiş danışıqlar səbəbindən təxirə salınıb.

İki ölkə müharibəyə son qoymaq və Hörmüz boğazını yenidən hərəkətə açmaq üçün anlaşma memorandumu üzərində razılıq əldə edib.

Tramp təfərrüatların cümə günü keçiriləcək imzalama mərasimindən sonra ictimaiyyətə açıqlanacağını bəyan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu