Azyaşlıların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı qaydalar müəyyənləşir


Azərbaycanda sosial şəbəkələrdən istifadə edən uşaqlarla bağlı yeni qaydalar müəyyənləşdirilir.

AFN.az xəbər verir ki, bununla bağlı müddəalar Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslər üçün sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaradılmasına icazə verilməyəcək. Bu tələbin tətbiq ediləcəyi platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Yeni qaydalara əsasən, provayderlər fərdi rəqəmsal hesab yaradılarkən yaş məhdudiyyətinə nəzarət məqsədilə bir neçə texniki mərhələni ardıcıl şəkildə tətbiq etməlifirlər. İlk mərhələdə istifadəçi öz yaşını bəyan edəcək. Daha sonra həmin məlumatın təsdiqlənməsi, eləcə də 16-18 yaş arasında olan şəxslər üçün qanuni nümayəndənin razılığının alınması məqsədilə bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi barədə məlumat təqdim olunacaq.

Toplanmış məlumatlar əsasında provayder istifadəçinin, həmçinin 16-18 yaşlı şəxsin qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil telefon nömrəsinə sorğu göndərəcək. Eyni zamanda, istifadəçiyə məxsus bank kartından məbləğ çıxılıb geri qaytarılmaqla yaşın doğruluğu yoxlanılacaq.

Texniki yoxlama nəticəsində istifadəçinin 16 yaş və ya daha böyük olduğu təsdiqlənərsə, fərdi rəqəmsal hesabın yaradılmasına icazə veriləcək.

Qanun layihəsində 16-18 yaşlı istifadəçilərlə bağlı əlavə nəzarət mexanizmləri də nəzərdə tutulur. Belə ki, onların hesablarında göstərilən məzmun və reklamların dairəsi, eləcə də platformadan istifadə saatları qanuni nümayəndə tərəfindən idarə ediləcək. Bunun üçün provayderlər platformalarda müvafiq funksionallığı yaratmalı olacaqlar.

Qanuni nümayəndələr həmin imkanlardan istifadə etməklə 16-18 yaşlı uşaqların hesablarına aktiv nəzarət etməyə və onların sosial şəbəkələrdən qanunvericiliyin tələblərinə uyğun istifadə etməsinə cavabdeh olacaqlar.

Layihəyə görə, provayderlər istifadəçilərin sosial şəbəkədəki davranışlarını mütəmadi təhlil etməli, bəyan edilən yaşla bağlı əsaslı şübhə yarandıqda isə təkrar yaş yoxlaması aparmalıdırlar. Yoxlama zamanı yaş tələbinin pozulduğu müəyyən edilərsə, həmin istifadəçinin hesabına giriş dərhal məhdudlaşdırılacaq. Məhdudlaşdırılmış hesabların idarə olunması isə platformaların daxili qaydalarına uyğun həyata keçiriləcək.

Sənədə əsasən, yaşın yoxlanılması məqsədilə toplanmış fərdi məlumatlar provayder tərəfindən informasiya sistemində saxlanıla və ya üçüncü şəxslərə ötürülə bilməz. Həmin məlumatlardan yaşın təsdiqlənməsi istisna olmaqla, kommersiya, hədəfli reklam və digər məqsədlər üçün istifadə olunması da qadağan edilir.

Qanun layihəsi provayderlərə yoxlama prosesi başa çatdıqdan dərhal sonra toplanmış fərdi məlumatları silmək öhdəliyi də qoyur.

Bundan başqa, yetkinlik yaşına çatmayan istifadəçinin sosial şəbəkədə yerləşdirdiyi məlumatlar, paylaşdığı məzmun və fərdi məlumatlar onun özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq dövlət qurumunun müraciəti əsasında, həmçinin platformanın daxili qaydalarında nəzərdə tutulan hallarda provayderin təşəbbüsü ilə silinməlidir.

Qanun layihəsində 16-18 yaşlı uşaqların həyatı, sağlamlığı, cinsi toxunulmazlığı, şərəf və ləyaqəti, eləcə də qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunun yayılmasının qarşısının alınması məqsədilə provayderlərin fasiləsiz fəaliyyət göstərən rəqəmsal həllər tətbiq etməsi də nəzərdə tutulur. Belə hallarda texniki müdaxilə müddəti zərərli məzmun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.

Qeyd edək ki, Milli Məclisdə aparılan müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu