Kosmosda ilk robotla xilasetmə əməliyyatı: NASA düşən teleskopun arxasınca düşüb
NASA orbitdən çıxaraq Yerə doğru irəliləyən "Swift" Kosmik Teleskopunu xilas etmək üçün üçqollu robot aparatı kosmosa göndərib.
AFN.az xəbər verir ki, kosmos tarixində bir ilk olan bu yüksək riskli missiyada "LINK" adlı robot aparatın teleskopu yaxalayıb yenidən təhlükəsiz yüksəkliyə daşıması hədəflənir.
2004-cü ildə kosmosa buraxılan və böyük bir avtomobil ölçüsündə olan "Swift" rəsədxanası nəhəng ulduzların ölümü ilə meydana gələn yüksək enerjili partlayışları araşdırır.
İlk buraxıldığı zaman 600 kilometr yüksəklikdəki orbitdə fəaliyyət göstərən teleskop artan günəş aktivliyinin Yer atmosferini genişləndirməsi səbəbindən sürtünməyə məruz qalıb.
Bu sürtünmə nəticəsində sürəti azalan kosmik teleskop xüsusilə son iki ildə sürətlə hündürlük itirərək təxminən 360 kilometr yüksəkliyə qədər enib.
Alimlər "Swift" teleskopunun kainatın ilkin dövrlərinə işıq tutan unikal strukturuna görə orbitdə qalmalı və yanaraq yox olmamalı olduğu barədə həmrəydirlər.
Teleskopun xilas edilməsi missiyasını Arizona mərkəzli "Katalyst Space Technologies" adlı gənc mühəndislik firması öz üzərinə götürüb.
Mühəndislər xilasetmənin qeyri-mümkün hal alacağı 300 kilometrlik kritik həddə çatmazdan əvvəl, cəmi səkkiz ay kimi qısa müddətdə "LINK" kosmik aparatını layihələndirib və istehsal ediblər.
Təxminən soyuducu ölçüsündə olan üçqollu robot aparat kameralar, yönləndirmə sistemləri və kiçik mühərriklərlə təchiz olunub.
Növbəti bir neçə həftə ərzində sistemlərini tək-tək aktivləşdirəcək "LINK" orbiti daim dəyişən və hərəkət halında olan "Swift" teleskopuna yaxınlaşaraq onun hər tərəfdən şəkillərini çəkəcək.
"Swift" teleskopu kosmosda tutulmaq üçün layihələndirilmədiyindən bu yaxınlaşma və birləşmə prosesi olduqca yavaş və həssas şəkildə idarə olunacaq.
Missiyanın ən kritik anı "LINK" aparatının üç robot qolunu uzadaraq "Swift" teleskopunu yaxaladığı an olacaq.
Əgər birləşmə uğurla başa çatarsa, "LINK" kiçik itələyici mühərriklərini işə salaraq teleskopun orbitini iki-üç ay davam edəcək yavaş və həssas manevrlə yenidən təhlükəsiz yüksəkliyə qaldıracaq.
Bu yolla hər iki kosmik aparatın hazırda olduqları 360 kilometr səviyyəsindən teleskopun əvvəlki yeri olan 600 kilometr yüksəkliyə təhlükəsiz şəkildə daşınması planlaşdırılır.
Tamamilə uğurla nəticələnəcəyi təqdirdə bu tarixi əməliyyat gələcəkdə "Hubble" Kosmik Teleskopu kimi daha məşhur və böyük kosmik aparatların xilas edilməsi missiyaları üçün də yeni bir dövrün əsasını qoyacaq.


