ABŞ avqustda Almaniyaya "Tomahawk" və "Typhon" almağa rəsmi icazə verəcək
Almaniyanın müdafiə naziri Boris Pistorius və ABŞ-ın hərbi naziri Pit Heqset Birləşmiş Ştatların bu ilin avqust ayında rəsmi olaraq Berlinə "Tomahawk" qanadlı raketləri və "Typhon" yerüstü raket buraxılış sistemlərini satın almağa icazə verməsi barədə razılığa gəliblər.
AFN.az “Der Spiegel”ə istinadən xəbər verir ki, bu barədə jurnal öz mənbələrinə söykənərək məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, Berlin və Vaşinqton bu razılaşmanı son ana qədər gizli saxlayıblar. Belə ki, Pistorius və Heqset NATO-nun Ankara sammitindən bir gün əvvəl müvafiq niyyət bəyanatını imzalasalar da, Almaniya müdafiə naziri jurnalistlərin suallarına cavabında yalnız prosesdə irəliləyişlərin olduğunu deməklə kifayətlənmişdi.
Məlumata görə, sövdələşmə ABŞ Konqresi tərəfindən də təsdiqlənməlidir, lakin Tramp administrasiyasının razılığından sonra bu addım sadəcə bir rəsmiyyət xarakteri daşıyır. Almaniyanın dəqiq nə qədər raket və buraxılış qurğusu əldə edəcəyi gizli saxlanılır. Bununla belə, söhbətin nəhəng məbləğdən getdiyi aydındır, çünki təkcə bir ədəd "Tomahawk" raketinin qiyməti 1 milyon avrodan baha qiymətləndirilir.

