BMT-dən ABŞ-İran gərginliyinə diplomatiya yolu ilə həllin tapılması çağırışı



Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş son bir neçə gündə ABŞ və İran arasında hərbi gərginliyin davam etməsindən dərin narahatlığını ifadə edərək, tərəfləri münaqişəni diplomatiya yolu ilə bitirməyə çağırıb.

AFN.az xəbər verir ki, BMT Baş katibinin mətbuat katibi Stefan Düjarrik gündəlik mətbuat konfransında bu barədə danışıb.

"Baş katib son bir neçə gündə İran və ABŞ arasında davam edən və genişlənən hərbi gərginlikdən dərin narahatdır" deyən Düjarrik böhranın bütün region ölkələrinə mənfi təsir göstərdiyini bildirib.

O, həmçinin ticarət sistemlərinə, humanitar yardımların çatdırılmasına, nəqliyyat xərclərinə, eləcə də regional və qlobal miqyasda yanacaq və xalq istehlakı mallarının qiymətlərinə ciddi təzyiq yarandığını vurğulayıb.

Düjarrik açıqlamasında qeyd edib ki, Baş katib xüsusilə İranda tikilməkdə olan nüvə stansiyası və su təmizləmə qurğusu da daxil olmaqla mülki infrastruktura yönəlmiş zərbələrdən, eyni zamanda region boyunca Küveyt və digər ərazilərdəki elektrik stansiyaları ilə su təmizləmə obyektlərinə edilən hücumlar üzündən böyük narahatlıq keçirir.

Quterreşin bu cür hücumların yolverilməz olduğunu və dərhal dayandırılmalı olduğunu vurğuladığını bildirən Düjarrik "Baş katib bu münaqişənin hərbi həll yolunun olmadığını bir daha bəyan edir və dinc, qalıcı həll üçün diplomatik səylərin artırılmasına çağırış edir" deyə əlavə edib.

Mətbuat katibi həmçinin diqqətə çatdırıb ki, tərəflər arasında əldə olunacaq razılaşma Hörmüz boğazı və ətrafında beynəlxalq gəmiçilik hüquqlarının və dənizdə sərbəst hərəkət azadlığının tam şəkildə bərpa olunmasını da əhatə etməlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu