Yadplanetlilərin yerdən kiçik ekzoplanetlərdə yaşaması niyə mümkün deyil?


Kaliforniya Universitetinin astrobioloqları tərəfindən aparılan yeni tədqiqat göstərib ki, daşlı planetin öz atmosferini uzunmüddətli qoruyub saxlaması üçün onun ölçüsü ən azı Mars qədər (minimum Yerin diametrinin 60-80%-i) olmalıdır.

AFN.az xəbər verir ki, Mişel Hillin rəhbərliyi ilə hazırlanan "Yerdən kiçik planetlərin məskunlaşma modeli" (STEHM) çərçivəsində alimlər Günəşə bənzər ulduzların ətrafında yerləşən müxtəlif ölçülü dünyaların atmosferinin taleyini modelləşdiriblər. Modelləşdirmə zamanı ulduz radiasiyası hesabına qaz itkisi və vulkanik aktivlik vasitəsilə atmosferin bərpası kimi əsas proseslər nəzərə alınıb.

Tədqiqatın nəticələrinə əsasən, həyatın yaranması üçün tələb olunan milyardlarla il ərzində atmosferin saxlanılması yalnız diametri Yerinkindən ən azı 80% kiçik olmayan planetlərdə mümkündür. Mars ölçüsündə olan planetlər kritik sərhəddə yerləşsə də, daha kiçik dünyalar zəif cazibə qüvvəsi, zəif maqnit sahəsi və mantiya qatının tez soyuması səbəbindən atmosfer qazlarını çox sürətlə itirirlər. Nəticədə vulkanlar sızan qazın yerini doldura bilmir.

Bununla belə, mantiyada karbonun yüksək miqdarı, böyük radiasiya ehtiyatı və ya kometaların dəyməsi planetə atmosferini bərpa etmək üçün ikinci şans verə bilər. "The Planetary Science Journal" nəşrində dərc olunan bu araşdırma astrobioloqlara kainatda potensial yaşayış üçün əlverişli ekzoplanetlərin axtarış diapazonunu dəqiqləşdirməyə kömək edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu