BMT: Pakistan-Əfqanıstan toqquşmalarında 499 əfqan mülki şəxs həlak olub
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci il oktyabrın 1-dən 2026-cı il iyunun 30-dək Pakistan ilə Əfqanıstan arasında baş verən toqquşmalar nəticəsində Əfqanıstanda 499 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) Pakistan və Əfqanıstan arasında qeyd olunan dövrdə yaşanan qarşıdurmalarla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, həmin müddətdə iki ölkə arasında baş verən toqquşmalar nəticəsində Əfqanıstanda 499 mülki şəxs həlak olub, 1216 nəfər isə yaralanıb.
Əfqanıstan Pakistanla sərhəd xətti hesab edilən Durand xəttini rəsmi olaraq tanımır. Bu səbəbdən tərəflər arasında sərhəd mübahisələri və insan tələfatı ilə nəticələnən silahlı toqquşmalar vaxtaşırı baş verir.
Digər tərəfdən, müxtəlif silahlı qruplaşmaların fəaliyyəti də iki qonşu ölkə arasında münasibətlərə mənfi təsir göstərir. İslamabad Pakistan Talibanı (TTP) qruplaşmasının Əfqanıstan ərazisində yerləşdiyini və hücumlarını buradan təşkil etdiyini iddia edir. Kabil isə bu ittihamları rədd edir.
Pakistan zaman-zaman TTP-nin terror hücumlarını əsas gətirərək Əfqanıstan ərazisində hərbi əməliyyatlar həyata keçirir. Əfqanıstan qüvvələri isə bu hücumlara cavab tədbirləri görür.

