Almaniyada artan istilər quraqlıq və su məhdudiyyətlərinə səbəb olur
Almaniyada davam edən isti hava dalğası quraqlığın dərinləşməsinə səbəb olub, ölkənin bir çox şəhər və rayonunda su istifadəsinə məhdudiyyətlər tətbiq edilib.
AFN.az xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Vyürsburq şəhəri yaxınlığındakı Bad Brükkenau qəsəbəsində bu gün havanın temperaturu 40,9 dərəcəyə çatıb. Həddindən artıq isti hava fonunda quraqlıq da daha da güclənir.
DWD-nin açıqladığı statistikaya əsasən, Şimali Reyn-Vestfaliya əyalətində bu ilin iyul ayı 1881-ci ildən bəri meteoroloji müşahidələrin aparıldığı dövrdə qeydə alınan ən quraq iyul olub.
Əyalətdə hər kvadratmetrə düşən yağıntının həcmi cəmi 18 litr təşkil edib. Bu göstərici əvvəlki ən quraq iyul ayı kimi qeydə alınan 2018-ci ildəki 26 litr səviyyəsindən də xeyli aşağıdır.
Quraqlıq səbəbindən Almaniya üzrə 100-dən çox şəhər və rayonda su istehlakını məhdudlaşdıran tədbirlər görülüb.
Ən sərt məhdudiyyətlərin tətbiq olunduğu şəhərlərdən biri olan Münhendə bağlardakı hovuzların doldurulması, qazonların suvarılması və avtomobillərin yuyulması qadağan edilib.
Hannoverdə də havanın temperaturunun yüksəlməsi ilə əlaqədar bağların suvarılmasına icazə verilmir.
Potsdamda isə dövlətə məxsus saray bağlarının suvarılması dayandırılıb.
Mütəxəssislər hesab edirlər ki, mövcud vəziyyət Almaniyanın uzunmüddətli quraqlıq dövrlərinə qarşı su ehtiyatlarının idarə olunması sahəsində kifayət qədər hazırlıqlı olmadığını göstərir.
Onların fikrincə ölkədə su ehtiyatlarının qorunması üçün daha genişmiqyaslı və dayanıqlı tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
