Kiyev meri: Şəhər ballistik raket hücumuna məruz qalır
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərin yerli vaxtla saat 01:33-dən etibarən ballistik raket hücumuna məruz qaldığını açıqlayıb.
AFN.az xəbər verir ki, Kliçko sosial media hesabında paylaşdığı məlumatda Rusiya ordusunun Kiyevə ballistik raketlərlə zərbələr endirdiyini bildirib.
Kliçko hücumun yerli vaxtla saat 01:33 radələrində başladığını qeyd edərək, şəhərin müxtəlif rayonlarında yanğınların baş verdiyini açıqlayıb.
O bildirib ki, Kiyevin iki ayrı rayonunda yerləşən bəzi anbarlara ziyan dəyib. Qolosiivski rayonunda isə bir müəssisə binasına zərbə endirilməsi nəticəsində ammonyak sızması baş verib. Merin sözlərinə görə, fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerlərinə cəlb olunurlar.
Kliçko hücumun davam etdiyini vurğulayaraq, şəhər sakinlərini sığınacaqlara enməyə çağırıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının sosial media hesabında yayılan açıqlamada isə ilkin məlumata əsasən, hücumlar nəticəsində bir nəfərin həlak olduğu, 12 nəfərin isə yaralandığı bildirilib.
Açıqlamada axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunub.

