Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək



2029-cu ilin aprelində 99942 Apophis asteroidinin Yerə təxminən 32 min kilometr məsafədən yaxın keçəcəyi və insan fəaliyyəti nəticəsində yaranmış kosmik tullantılarla toqquşma riski daşıdığı bildirilir.

AFN.az xəbər verir ki, bununla bağlı araşdırma The Planetary Science Journal elmi jurnalında dərc olunub.

Tədqiqata əsasən, İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) alimləri Apophis asteroidinin uçuş trayektoriyasını və geostasionar orbitdə (GEO) yerləşən süni kosmik tullantıların paylanmasını simulyasiya ediblər.

Alimlər vurğulayıblar ki, Apophis asteroidinin Yer üçün heç bir təhlükəsi yoxdur. Bununla belə, Yer ətrafında toplanmış kosmik tullantılardan biri ilə toqquşma ehtimalı mövcuddur.

Mütəxəssislərin sözlərinə görə, belə bir toqquşma asteroidin orbitini dəyişdirməyəcək və Yer üçün yeni təhlükə yaratmayacaq. Lakin təmas nəticəsində asteroidin səthində kiçik krater yarana və toz buludu əmələ gələ bilər.

Avropa Kosmik Agentliyinin (ESA) RAMSESNASA-nın OSIRIS-APEX kosmik aparatları asteroidin Yerə yaxın keçidi zamanı planetimizin cazibə qüvvəsinin onun üzərində yaratdığı təsirləri, səth sürüşmələrini və mümkün seysmik hərəkətləri araşdırmağı planlaşdırır.

Araşdırma müəllifləri bildirirlər ki, asteroid Yerə yaxınlaşmazdan əvvəl baş verə biləcək gözlənilməz kosmik tullantı toqquşması müşahidələrin nəticələrinə təsir göstərə və Yerin cazibə qüvvəsinin asteroid üzərində yaratdığı dəyişikliklərin dəqiq öyrənilməsini çətinləşdirə bilər.

Tədqiqat həmçinin geostasionar orbit kimi yüksək hündürlüklərdə yerləşən kiçik kosmik tullantıların izlənilməsində mövcud çatışmazlıqları da üzə çıxarıb.

Məlumata görə, Avropa İttifaqının Kosmik Müşahidə Sistemi çərçivəsində istifadəyə veriləcək yeni teleskoplar vasitəsilə 2029-cu ilədək yüksək orbitdəki kosmik tullantıların daha dəqiq xəritələşdirilməsi planlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu