İngiltərədə bir radio səhvən Kral III Çarlzın öldüyünü elan edib
İngiltərədə yayımlanan Radio Caroline adlı radio stansiyasının İngiltərə Kralı III Çarlzın vəfat etdiyini səhvən elan etməsi səbəbindən yayım prinsiplərini pozduğu müəyyənləşib. İngiltərə Rabitə İdarəsi (Ofcom) sözügedən yayımın qaydalara zidd olduğuna qərar verib.
AFN.az xəbər verir ki, may ayında yayımlanan bir proqram zamanı “Əlahəzrət Kral III Çarlzın vəfatı ilə əlaqədar hörmət əlaməti olaraq normal yayımlarımızı növbəti elanadək dayandırmışıq” ifadələrinin yer aldığı əvvəlcədən qeydə alınmış səs faylları efirə verilib.
Elanın ardından dövlət himni səsləndirilib və təxminən 16 dəqiqə davam edən sükut yaşanıb.
Proqram aparıcısı vəziyyətin anlaşılmasından sonra efirdə üzr istəyərək səhvən bir məlumatın yayımlandığını və vəziyyətin texniki xətadan qaynaqlandığını bildirib.
Ofcom tərəfindən aparılan araşdırma zamanı studiya kompüterində texniki xidmət göstərən bir əməkdaşın maraq səbəbindən əvvəlcədən qeydə alınmış səs fayllarını açdığı və onların efirə verildiyini fərq etmədiyi müəyyənləşib.
Əməkdaş vəziyyəti anladıqdan sonra qeydi dayandırıb, daha sonra isə panikaya düşərək binanı tərk edib.
Yayımın tənzimlənməsi üzrə qurum xəbərlərin düzgün və qərəzsiz təqdim edilməsi, eləcə də səhvlərin efirdə sürətlə düzəldilməsi qaydalarının pozulduğunu açıqlayıb.
Qurum ictimaiyyəti maraqlandıran mühüm məsələ ilə bağlı ciddi yanlışlıq edildiyini və düzəliş elanının təxminən 30 dəqiqə sonra yayımlandığını vurğulayıb.
Radio Caroline rəhbərliyi hadisədən sonra müvafiq əməkdaşa xəbərdarlıq edildiyini və əməkdaşın üzr istədiyini açıqlayıb.
Bənzər hadisənin təkrar yaşanmaması məqsədilə sözügedən səs fayllarının kompüterin iş masasından silindiyi və bütün yayım əməkdaşlarına müvafiq prosedurların yenidən xatırladıldığı bildirilib.

