NASA-nın Swift kosmik teleskopunu xilas etmək missiyası uğursuz oldu
NASA orbitində sürətlə hündürlük itirən Neil Gehrels Swift Kosmik Teleskopunu xilas etmək və atmosferə daxil olaraq yanmasının qarşısını almaq məqsədilə başladılan missiyanın uğursuzluqla nəticələndiyini açıqlayıb.
AFN.az xəbər verir ki, 2004-cü ildə aşağı Yer orbitinə buraxılan kosmik teleskop artan Günəş aktivliyi və atmosfer sürtünməsi səbəbindən son dövrdə sürətlə orbitini itirməyə başlayıb.
NASA teleskopun bu ilin sonrakı aylarında atmosferə daxil olaraq parçalanmasının qarşısını almaq üçün Arizona ştatında yerləşən Katalyst Space Technologies şirkəti ilə 30 milyon dollarlıq müqavilə imzalamışdı.
Xilasetmə planı çərçivəsində Katalyst tərəfindən hazırlanan “LINK” adlı kosmik aparatın Swift ilə birləşməsi və teleskopun bir neçə ay ərzində daha yüksək orbitə daşınması nəzərdə tutulurdu. İyulun 3-də Northrop Grumman şirkətinin Pegasus XL raketi ilə buraxılan LINK, buraxılışdan qısa müddət sonra mövqe və orientasiya (istiqamətə nəzarət) problemləri yaşamağa başlayıb.
Mühəndislərin proqram təminatı yeniləmələrinə və kosmik aparatın öz oxu ətrafında fırlanma sürətini azaltmaq cəhdlərinə baxmayaraq, istiqamətə nəzarət sistemindəki nasazlıqlar aradan qaldırıla bilməyib.
NASA yaranan texniki problemlər səbəbindən orbitin yüksəldilməsi missiyasını rəsmi olaraq dayandırdığını açıqlayıb.
NASA rəhbəri Jared Isaacman açıqlamasında qarşıya qoyulan nəticəyə nail olunmadığını, lakin potensial gəliri yüksək olan bu cür riskli missiyaların sınaqdan keçirilməsinin dəyərli olduğunu bildirib.
Orbitin yüksəldilməsi əməliyyatı ləğv edilsə də, LINK kosmik aparatının Swift teleskopuna yaxınlaşma və onunla birləşmə texnologiyalarını sınaqdan keçirmək məqsədilə manevrlərini davam etdirəcəyi bildirilib.
Katalyst Space şirkətinin baş direktoru Ghonhee Lee və NASA-nın Astrofizika Bölməsinin direktoru Shawn Domagal-Goldman qısa müddətdə hazırlanan bu ilk missiyadan əldə ediləcək məlumatların gələcəkdə peyklərə xidmət göstərilməsi və xilasetmə əməliyyatlarına rəhbərlik edəcəyini vurğulayıblar.
Kainatdakı ən güclü partlayışlar olan qamma şüalanma partlayışlarını araşdırmaq üçün hazırlanan Swift teleskopunun nəzarətsiz şəkildə atmosferə daxil olaraq parçalanacağı gözlənilir.
