AK: Önümüzdəki qış Ukrayna tarixinin ən pisi ola bilər
Önümüzdəki qış Ukrayna tarixinin ən pis qışı ola bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) genişlənmə üzrə komissarı Marta Kos İrlandiyada keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşünə gələrkən bildirib.
Kosun sözlərinə görə, toplantıda nazirlər ölkə tarixinin ən pis qışı ola biləcək mövsümə hazırlıq çərçivəsində Ukraynaya dəstək tədbirlərini müzakirə edəcəklər.
Daha əvvəl Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal da qarşıdan gələn qışın asan keçməyəcəyi barədə xəbərdarlıq etmişdi. O, ölkənin energetika sisteminin yeni zədələnmələr ala biləcəyini istisna etmədən bildirmişdi ki, istilik, su, işıq, logistika və iqtisadiyyat məhz onun üzərində dayanır.
Keçən qış enerji infrastrukturunun kütləvi zədələnməsi fonunda Ukraynada elektrik enerjisi və istilik təchizatında uzunmüddətli fasilələr yaşanmışdı. "Ukrenerqo" şirkətinin məlumatına görə, zədələnmiş energetika obyektlərinin bərpası hələ də davam edir və itirilmiş güc tutumunu kompensasiya etmək hələlik mümkün olmayıb.
